Dünya şöhrətli alimin şərəfli ömür yolu yaxud Sərab çörəyinin ətri və Bakı neftinin qoxusu
Okt 28, 2018 | 11:22 /
Akademik Murtuza Nağıyev – 110 
 
 
 
Sərabdakı həyətlərində nənəsinin satmaq üçün bişirdiyi təndir çörəyinin ətri məhəlləni bürüyərdi... O isti ocağı tərk elədikləri gündən təndir çörəyinin ətri yaddaşını bir an da tərk eləməmişdi... Bu taya Arazı yox, Xəzəri keçib gəlmişdi. Bir neçə il Aşqabadda yaşayandan sonra Bakıya köçmüşdülər. İllər ötdü, dünyanın yarısını gəzsə də, bircə dəfə Xudafərindən keçib Səraba gedə bilmədi ki, o çörək ətrini bir dəfə də içinə çəkə... Çörək ətirli uşaqlığı 11 yaşında – atasını itirən gün başa çatmışdı. Bakıda uğuruna çıxmış neft qoxusu həyatına çox uğurlar gətirdi, amma o çörək ətrini unutdura bilmədi. Əvəzində böyük müəllim, çörəkverən kişi kimi ad-san qazandı. Zabitəli olduğu qədər də həssas və qayğıkeş, nüfuzlu olduğu qədər də sadə və təvazökar bir insan idi. Yetirmələrinin, davamçılarının yaddaşında indiyəcən belə qalıb... 
Bu il görkəmli kimyaçı alim, ­texnoloq, Sosialist Əməyi Qəhrəmanı, Əməkdar elm xadimi, neft kimyasında çox dəyərli resirkulyasiya nəzəriyyəsinin banisi, akademik Murtuza Fətulla oğlu Nağıyevin anadan olmasının 110-cu ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, ölkəmizdə  tədbirlər keçirilir. 
Akademik Murtuza ­Nağıyev 1908-ci il mayın 5-də Cənubi Azərbaycanın Sərab şəhərində yoxsul bir ailədə dünyaya gəlib. O, 1919-cu ildə ailəsi ilə birlikdə Aşqabada köçərək, orada üç il tütün yığımı ilə məşğul olandan sonra iş tapmaq ümidi ilə yenicə itirdiyi atasının vaxtilə çörək dalınca gəldiyi Bakıya üz tutaraq, 1922-ci ildən leytenant Şmidtin adını daşıyan zavodda çilingər köməkçisi kimi işə düzəlir, eyni zamanda təhsil alır. Zavodun qaynar iş həyatına və böyük kollektivə tezliklə alışan, ictimai işlərə, həm də ədəbiyyata xüsusi maraq göstərən 14 yaşlı yeniyetmənin 1922-ci ildə mətbuatda ilk məqaləsi dərc olunur. O, 1923-cü ildən fəhlə-müxbir kimi fəaliyyətə başlayır və elə həmin il fabrik-zavod şagirdliyi kursunu da bitirir. 1926-1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsində təhsilini başa vurub, eyni vaxtda Moskva Ali Texniki Məktəbinə (indiki N.Bauman adına Texniki Universitet) və Mədən Akademiyasına (indiki İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti) daxil olur. Ancaq Moskvada təhsilini başa çatdırmaq ona nəsib olmur, anasının səhhəti ağırlaşdığına görə 1932-ci ildə Bakıya qayıdır və 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimyaçı-texnoloq ixtisası üzrə bitirir. 
M.Nağıyev 1933-1937-ci illərdə istehsalatda çalışmaqla yanaşı “Neft kadrosu” qəzetinin redaktoru olur, məqalələr yazır, rus dilindən tərcümələr edir. Bu dövrdə marağı daha çox elmi yaradıcılığa yönəlir və 1933-cü ildə hələ tələbəykən “Neft texnikası uğrunda” qəzetində “Bizə antidetonasion keyfiyyətli benzin lazımdır” adlı ilk elmi məqaləsi dərc olunur. 1933-cü ildə, ilk kəşfinə də imza atır və ilk müəlliflik şəhadətnaməsini 1934-cü ildə alan tələbənin bu kəşfi bütün ölkə üçün aktual olan bir məsələyə – əlavə benzin alınmasına imkan verən termiki krekinq prosesinə aid idi. 
Neft emalı qurğularının müxtəlif elementlərinin hesablanması metodlarını işləyib hazırlayan M.Nağıyev hələ tələbə adı daşıdığı 1932-35-ci illərdə “Krekinq” zavodunda növbə mühəndisi, sex rəisinin müavini, mühəndis-konstruktor, 1936-1938-ci illərdə artıq ali təhsilli mütəxəssis kimi baş mühəndis vəzifəsində işləyir. 1938-1940-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda krekinq laboratoriyasına rəhbərlik edir, 1939-cu ildə kimya texnologiyası nəzəriyyəsinə dair ilk elmi tədqiqat işini yazır. Onun bu elmi tədqiqatı sonradan geniş inkişaf etmiş riyazi modelləşdirmə və kimyəvi proseslərin sistemli analizi sahəsində ilk iş kimi dəyərləndirilərək, yeni elmi istiqamətin – resirkulyasiya prosesləri təliminin başlanğıcı olur. 1940-cı ildə “Resirkulyasiyalı krekinq zamanı benzin çıxımının tədqiqi” mövzusunda namizədlik dissertasiya müdafiə edir, ASİ-də neft-zavod mexanikası kafedrasının dosenti olur, krekinq texnologiyası, proses və aparatlarının hazırlanması kursunda mühazirələr oxuyur. Bir il sonra “Krekinq texnologiyası və aparatların hesablanması” adlı ilk monoqrafiyası nəşr edilir. SSRİ EA-nın Azərbaycan filialında baş elmi işçi işlədiyi dövrdə kimya texnologiyasının müxtəlif proseslərinə dair tədqiqatlarının elmi nəticələri böyük maraq doğurmuşdu. Yaxın dostu, görkəmli akademik Yusif Məmmədəliyevlə birlikdə 1943-cü ildə nəşr etdirdikləri “Aviasiya yanacaqlarının kimyası və texnologiyasının müasir vəziyyəti” kitabına həmin nəticələri əks etdirən iki böyük elmi məqaləsi salınır. O, 1944-cü ilin yanvarında Moskvada SSRİ EA Qazma Yanacaqları İnstitutunda “Krekinq prosesinin kinetikasının və texnologiyasının əsas məsələlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və professor elmi adı alır. Onun “Neft emalı proseslərinin termodinamik hesablamaları və kimyəvi birləşmələrin xassələri üzrə göstəricilər” adlı monoqrafiyası xüsusi əhəmiyyətinə görə 1950-ci ildə Leninqradda nəşr olunur. 
Kimya kinetikası sahəsində işini davam etdirərək kinetik asılılıqların sənaye reaktorlarının hesablanmasına tətbiqinin nəzəri prinsiplərini işləyib hazırlayan alim, bunları 1950-ci ildə nəşr olunan və qısa müddətdə nadir biblioqrafik nüsxəyə çevrilən “Sənaye sistemləri kinetikasının əsasları” adlı monoqrafiyasında cəmləşdirmişdi. Nəşrin redaktoru görkəmli alim A.Frost əsərin əhəmiyyətindən bəhs edərək yazırdı: “Professor M.F.Nağıyevin “Sənaye sistemlərinin kimyəvi kinetikasının əsasları” monoqrafiyası axar reaksiya qurğularında baş verən proseslərin kinetikası haqqında ilk müfəssəl əsərdir. 
Akademik M.Nağıyev ən mürəkkəb struktura malik kimya-texnologiya obyektlərində aparılan uzun hesablamaların əvəzinə, daha tez və dəqiq hesablamalar aparılmasının riyazi ifadəsini vermiş, kimya sənayesi üçün yeni riyazi model işləyib hazırlamışdı. Elmi nəzəriyyəsinin əsasını təşkil edən tədqiqat işində alim ilk dəfə olaraq, texnoloji komplekslər üçün ayrı-ayrı aparatların məcmusu kimi deyil, onların qarşılıqlı təsiri və əlaqəsi baxımından vahid sistem kimi yanaşmaya əsaslanan riyazi təsvir metodu – proseslərin tədqiqinə sistemli yanaşma təklif etmiş, ilk dəfə bu işin kimyəvi prosesin intentifikasiyasının əsas şərtini də tapmışdı. M.Nağıyevə qədər bu sahədə ənənəvi olaraq, kimyəvi proseslərdə sintez olunan maddələrin maksimım çıxımla alınması yolu ilə prosesin səmərəliliyini artırmağa çalışırdılar, lakin o, irəli sürdüyü nəzəriyyədə bunun əksini göstərmişdi. 
Akademik M.Nağıyev 1942-1944-cü illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Kimya İnstitutunda böyük elmi işçi, 1944-cü ildə katalitik krekinqin fizikası şöbəsinin müdiri, 1945-1946-cı illərdə isə həmin institutun direktoru və şöbə müdiri, 1959-1961-ci illərdə Azərbaycan EA Neft Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və direktoru olmuş, 1952-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdi.
O, elmi fəaliyyəti təşkilatçılıq işi ilə uzlaşdırmağı bacaran alimlərdən idi. Akademiya institutlarına rəhbərlik etməklə yanaşı, 1952-1957-ci illərdə Azərbaycan EA Fizika-Texnika Bölməsinin akademik katibi, 1957-1959-cu illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1961-1966-cı illərdə baş elmi katibi olmuşdu. M.Nağıyev SSRİ Ali Təhsil Nazirliyi nəzdində Ali Attestasiya Komissiyasının (1958-1975) və SSRİ Milli Neft Komitəsinin (1960-1974) üzvü, həmçinin Qarşılıqlı İqtisadi Yardım Şurasında Kimya Komissiyasının (1960-1975) və Beynəlxalq Neft Konqresləri Daimi Komitəsinin (1962) SSRİ təmsilçisi idi. 
Kimyaçı alim və texnoloq heç zaman pedaqoji fəaliyyətdən ayrılmamış, bu sahə üzrə yüksək səviyyəli elmi kadrların və mütəxəssislərin hazırlanmasına xüsusi önəm vermiş, bunu özünün əsas vəzifələrindən saymışdır. İllərlə ASİ-nin kimya texnologiyası fakültəsində “Krekinq proseslərinin texnologiyası” fənnini tədris etmiş, 1959-1960-cı illərdə BDU-nun fiziki kimya kafedrasının müdiri olmuş, kimyəvi kinetika üzrə xüsusi kurslardan mühazirələr oxumuşdur. Ana dilimizdə neft texnologiyasına dair ilk dərsliyi də o yazmışdı. M.Nağıyev dünyada resirkulyasiya proseslərinə həsr edilmiş “Kimya texnologiyasında resirkulyasiya prosesləri haqqında təlim” adlı ilk monoqrafiyanın müəllifidir. Bu əsər 1958-ci ildə Moskvada rus dilində, 1964-cü ildə Londonda ingilis dilində, daha sonra alman, çin və s. dillərə tərcümə edilərək digər xarici ölkələrdə nəşr olunmuşdu. 
“Kimya texnologiyasında resirkulyasiya prosesləri haqqında təlim” bir alim kimi onun yaradıcılığının zirvəsi sayılır. Akademikin əsas elmi işləri neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikasına həsr edilmiş, yaratdığı kimya texnologiyasının nəzəriyyəsi yeni və müstəqil elm sahəsinə çevrilmişdir. Yüksək elmi dünyagörüşə malik olan alim fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyə kimya texnologiyası ilə əlaqəli komplekslərin riyazi modelləşdirilməsinin əsasını təşkil edir. 
Alimin çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 30 fundamental monoqrafiyada, 300 elmi əsərdə və müəlliflik şəhadətnaməsində əksini tapmış, onun rəhbərliyi ilə 3 elmlər doktoru, 30 elmlər namizədi hazırlanmışdır. Yetirmələrindən 5 nəfəri akademik olmuşdur. Respublikamızda elmin inkişafında və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR-nin Əməkdar elm xadimi adına layiq görülən akademikin Azərbaycan elmini ən möhtəşəm beynəlxalq konqres, simpozium və konfranslarda yüksək səviyyədə təmsil etmişdi. İlk dəfə 1956-cı ildə ABŞ-da keçirilən kataliz üzrə I Beynəlxalq konqresdə SSRİ-ni təmsil edən cəmi 4 nəfərlik heyətin milli respublikalardan olan yeganə üzvü akademik M.Nağıyev idi. 
Alimin “Çoxpilləli və kompleks kimyəvi resirkulyasiya proseslərinin material balansı” məruzəsi bu geniş auditoriyada böyük maraqla qarşılanmış və ABŞ-da elmi jurnalda dərc olunmuşdu. Bu, kiçik yaşlarından tütün plantasiyalarına çörək dalınca gedərkən təhsil almağı arzulasa da, bunu şirin xəyal zənn edən sərablı oğlanın alın yazısı, zəhmət və istedadın böyük, parlaq qələbəsi idi. 
1959-cu ildə Nyu-Yorkda keçirilən V Beynəlxalq Neft Konqresində uğurla çıxış edən alimin “Neft-kimya sintezinin kompleks resirkulyasiya prosesləri nəzəriyyəsi” adlı məruzəsi yüksək dəyərləndirilərək konqresin materialları ilə birlikdə bütünlüklə nəşr olunur. 
1962-ci ildə Parisdə ­Kimyaçıların Beynəlxalq Konqresində, 1965 və 1966-cı illərdə Moskvada nəzəri və tətbiqi kimya, 1968-ci ildə kataliz üzrə beynəlxalq konqreslərdəki elmi məruzələri ilə elmi ictimaiyyətdə geniş rezonans doğurmuşdu. O, Belçika (1958), Fransa (1960), keçmiş Çexoslovakiya (1964), İngiltərə (1966) daxil olmaqla, müxtəlif xarici ölkələrə dəvət edilmiş, qabaqcıl elm-təhsil müəssisələrində mühazirələr oxumuşdu. 1974-cü ildə Amerika Kimyaçılar Cəmiyyətinin illik məcmuəsində – Murtuza Nağıyevin oğlu, o zaman gənc alim, bu gün elmi irsinin əsl varisi olan akademik Tofiq Nağıyevlə birlikdə yazdıqları “Karbohidrogenlərin əlaqəli dehidrogenləşdirilməsi” adlı məqalə dərc olunmuşdu. Məcmuədə Asiya ölkələrini yalnız Yaponiya və Azərbaycan (Murtuza və Tofuq Nağıyevlər) alimləri təmsil edirdilər. Maraqlı faktdır ki, 1974-cü ildə 13 ölkə üzrə məqalələri dərc edilmiş müəlliflər sırasında ata və oğul Nağıyevlərin adlarının qarşısında SSRİ-nin yox, məhz Azərbaycanın adı yazılmışdı.
Akademik M.Nağıyev tanınmış ictimai xadim idi. O, Azərbaycan SSR Ali Sovetinin IV, V və VI çağırışlarının deputatı olmuş, böyük xidmətləri müqabilində 1958-ci ildə “Əməkdar elm xadimi” 1969-cu ildə “Sosialist Əməyi Qəhrəmanı” adlarına layiq görülmüş, “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordenləri və bir sıra medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdi.
Görkəmli kimyaçı alim bir sıra dəyərli monoqrafiyaların redaktoru, 1961–1975-ci illərdə 1959-cu ildən müstəqil fəaliyyətə başlayan “Azərbaycan Kimya Jurnalı”nın baş redaktoru, “Azərbaycan EA məruzələri” və “Neft-kimya” (Moskva) toplularının redaksiya heyətinin üzvü olmuşdur. 
M.Nağıyev hələ kimya texnologiyası üzrə ilk işində mürəkkəb kimyəvi-texnoloji kompleksin riyazi modelini təklif etməklə, “Resirkulyasiya nəzəriyyəsi”nin və bir sıra gələcək fənlərin əsasını qoymuşdu. Alimin bu məsələlərə həsr etdiyi dəyərli “Kimyəvi resirkulyasiya” adlı monoqrafiyası 1978-ci ildə Moskvada “Nauka” nəşriyyatında rus dilində çap olunmuşdur.
Moskvada 1991-ci ildə nəşr olunmuş, təxminən 2000 il ərzində kimyəvi biliklərin inkişafını ümumi şəkildə əks etdirən “Dünyanın görkəmli kimyaçıları” bioqrafik məlumat kitabında akademik M.Nağıyev haqqında məlumat verilib. Moskvada nəşr olunan “Böyük Rusiya Ensiklopediyası”nın 21-ci cildinə (2013-cü il) daxil edilmiş “Nağıyevlər” məqaləsində akademik M.Nağıyev və oğlu, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı, akademik Tofiq Nağıyev haqqında geniş məlumat verilib. 
Görkəmli kimyaçı alim 1975-ci il yanvarın 28-də vəfat etmişdir. Yaratdığı və on il rəhbərlik etdiyi Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu 1991-ci ildən onun adını daşıyır və burada alimin xatirə muzeyi fəaliyyət göstərir. Muzey alimin 110 illik yubileyi ərəfəsində yenidən qurulub.
Bütün həyatını elmin və texnologiyanın yüksəlişinə həsr etmiş M.Nağıyev həm də təbiətin qorunasına çağıran, texnologiyaların inkişafına aludə olub ona zərər vurmamağa səsləyən müdrik alimlərdən idi. Macal tapdıqca, elmi axtarışlarını fəlsəfi araşdırmalarla əvəz edən, ədəbiyyatın, sözün-sənətin vurğunu olan alim bu barədə fikir və düşüncələrini ömrünün son dövrlərində yazdığı “Elmi-texniki inqilabın ibrət dərsləri və sivilizasiyanın bütün sahələrinin harmonik inkişafının zəruriliyi” monoqrafiyasında ümumləşdirmişdi. Bu əsər ilk dəfə alimin 100 illik yubileyinə həsr edilmiş “Akademik Murtuza Nağıyev. Həyat yolu– fəlsəfə daşının axtarışında” kitabına daxil edilərək işıq üzü görmüşdür.
Kimya elminin inkişafına verdiyi böyük töhfələrlə dünya elm tarixində silinməz iz qoyan akademik Murtuza Nağıyevin aktuallığını hələ də qoruyub saxlayan elmi irsi gələcəkdə də öz əhəmiyyətini itirməyəcək, dərin elmi tədqiqatların obyekti olacaqdır.
 
Sevda Mehrəliyeva, 
Əməkdar jurnalist