Herostrat şöhrəti, yaxud ziyan üstündə xeyir
İyl 25, 2018 | 02:18 /

Bu günlərdə bir neçə saytda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə qarşı Etibar Əliyev tərəfindən məqsədyönlü, qərəzli və təhqiramiz fikirlər səsləndirilmişdir. Qeyd edirik ki, bu, adıçəkilən şəxsin üçüncü eyniməzmunlu yazısıdır. E.Əliyevin “Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq” başlıqlı son yazısında tutduğu “irad” haqqında fikirləri cavablandırmazdan əvvəl bu “təhsil üzrə ekspert”in hansı səbəbə (və ya mənafeyə) görə başda Azərbaycan Respublikasının Prezidenti olmaqla respublikanın görkəmli ziyalıları və elm xadimlərinin rəhbərliyi və birbaşa nəzarəti altında nəşr olunan Azərbaycan Milli Ensiklopediyasında hər vəchlə və bütün səylərini səfərbər edərək “nöqsan” axtarmaq amalında olduğunu müəyyənləşdirmək zəruridir. Fikrimizcə, “təhsil üzrə ekspert” üçün geniştərkibli Redaksiya Heyətinin, Elmi Mərkəz kollektivinin, mütəxəssis və elmi məsləhətçilərin birgə səyi ilə ərsəyə gələn Azərbaycan Milli Ensiklopediyasında hər hansı səhvi müəyyənləşdirməkdənsə, öz adının yanındakı epitetə müvafiq olaraq təhsil problemləri və dərsliklərdəki qüsurlarla məşğul olmaq daha faydalı olardı. Lakin Azərbaycanın elmi-mədəni həyatında böyük hadisə olan və istər məzmunu, istərsə də poliqrafik icrası cəhətdən dünyanın əksər ensiklopediyaları ilə bir sırada dayanan milli ensiklopediya ilə vətəndaş olaraq öyünə bilməyən, gərgin əmək hesabına hasil olan bu möhtəşəm işi qəbul etməyi bacarmayan “ekspert” Azərbaycan Milli Ensiklopediyasında “səhv tapmağı” son illərdə öz həyatının mənasına çevirmişdir. Qeyd edirik ki, unudulmamaq üçün Herostrat metodunu seçmiş E.Əliyev mütəmadi olaraq ən müxtəlif ünvanlara kəskin mesajları ilə gündəmdə qalmaq həvəsindədir. Əlbəttə ki, milli ensiklopediyanın yaradıldığı Elmi Mərkəz bu yolda ən yaxşı hədəflərdən biridir.

Elmi Mərkəzin E.Əliyevin “iradlarına” verdiyi dəqiq və əsaslı cavabdan (həmin cavab üçün bax: www.azedu.az/az/news/1915) sonra o, sonuncu yazısında əvvəllər tez-tez istifadə etdiyi “plagiat” sözünü “köçürülür” sözü ilə əvəzləmişdir ki, bu da onun ensiklopediya işinin mahiyyətini və prinsiplərini hələ də qavraya bilməməsindən xəbər verir. Buna görə də, bu fikri təkrar cavablandırmağı məqsədəuyğun hesab etmirik.

E.Əliyev bildirir: “Ancaq bu, qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır”. Əvvəla bildiririk ki, Elmi Mərkəzlə əməkdaşlıq edən mütəxəssislər və elmi məsləhətçilər ensiklopediyanın hazırlanması işinə öz töhfələrini verirlər. Bundan əlavə, Elmi Mərkəzin sosial mediada yayımladığı cavab mətnində Elmi Mərkəzdə qonorar sisteminin olmaması qeyd edilmişdi. Müəyyən şəxslər istisna olmaqla ensiklopediya üçün təmənnasız şəkildə məqalə yazmağa həvəsi olmayan alim potensialı, əlbəttə ki, Elmi Mərkəz kollektivinin işini çətinləşdirsə də, kollektiv öz gərgin və davamlı axtarışlarını birə beş artıraraq bu məsuliyyətli işin öhdəsindən gəlməyi bacarır.

E.Əliyevin Elmi Mərkəz əməkdaşlarına “alimi-biəməl” deyə kinayəli müraciəti onun “səhv tutmaq” ədəbinə malik olmamasından xəbər verir. Bu tip müraciətə cavab olaraq onun Azərbaycan Milli Ensiklopediyasında “səhv tapdığı” həmin cildin (7-ci cild) 554-cü səhifəsindəki “Elm etikası” məqaləsini nəzərdən keçirməsini tövsiyə edirik.

Nəhayət, E.Əliyevin irad tutduğu “Ekzistensializm” termini barədə Azərbaycan oxucusunda hər hansı fikir dolaşıqlığının meydana gəlməməsi üçün oxucuların diqqətinə çatdırırıq ki, E.Əliyevin özü kimi güvəndiyi və etibar etdiyi (əgər bu güvənc səmimidirsə) “Azərbaycan Sovet Ensiklopediyası”ndan başlayaraq əksər mənbələrdə ekzistensializm barədə yazılarda “mövcudluq” əvəzinə məhz “varlıq” termini işlədilmişdir. Ekzistensializmin ən böyük nümayəndələrindən biri olan J.P. Sartrın əsərlərinin Azərbaycan dilinə tərcümələrində “existence” sözü məhz “varlıq” kimi verilmişdir. Azərbaycan dilinin izahlı lüğətində “varlıq” sözünün bir neçə mənası göstərilmişdir ki, bunlardan birincisi “mövcudluq” sözünün ekvivalenti, ikincisi isə fəlsəfi termindir. İzahlı lüğətdə “var” sözünün  “mövcud olan”, “mövcudiyyət” kimi mənalandırılması da ərəb dilindəki “mövcud” sözü əvəzinə türkmənşəli “var” sözünü işlətməyimizə əsas vermişdir. Bundan əlavə, ekzistensializmdə varlıqdan söhbət getməsi məqalənin məzmunundan aydın olur. Lakin məqaləni qavraya bilmədiyini dolayısı yolla etiraf edən E.Əliyev bunu filosofların adından bildirmişdir. Sitat: “hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər”. Varlıq və mövcudluq probleminə gəlincə, məqalədə obyektiv mövcud olan varlıq və fərdi mənəvi həyatın mövcudluğu mənasında başa düşülən ekzistensiya açıq-aydın fərqləndirilmiş, məqalənin sonunda ekzistensializmin predmeti kimi insan varlığı bir daha vurğulanmışdır.

Bütün bunlardan əlavə, indiyədək heç bir elmi təşkilat və ya dövlət idarəsi tərəfindən Milli Ensiklopediyanın işi haqqında nəinki mənfi rəy bildirilməməsi, əksinə, respublika rəhbərliyi və ictimaiyyət tərəfindən bu nəşrlərin yüksək qiymətləndirilməsi Elmi Mərkəz kollektivinin öz üzərinə düşən məsuliyyətin öhdəsindən lazımınca gələ bilməsinin göstəricisidir.

Son olaraq qeyd etməyi zəruri hesab edirik ki, E.Əliyevin Milli Ensiklopediya ilə bağlı “narazılıqlar”ının meydana gəldiyi ilk mərhələdə o, Elmi Mərkəz rəhbərliyi tərəfindən açıq elmi diskussiya üçün Elmi Mərkəzə dəvət edilmiş, lakin bu dəvət cavabsız qalmışdı. Əvəzində isə E.Əliyev müxtəlif tribunalardan səslənməyi qərara almışdır. Məsələyə tolerant yanaşan Elmi Mərkəz rəhbərliyi E.Əliyevin fikirlərini, qərəzli səslənməsinə rəğmən, böhtan kimi qəbul etmək istəmir və hər zaman bütün elmi diskussiyalara hazırdır.

 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi,

“Sosial-ictimai sahələr, fəlsəfə və hüquq” Elmi Redaksiyasının müdiri

Rüstəm Hacıyev