Mart 13, 2019 | 09:36 /
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının növbəti 8-ci cildi bu günlərdə işıq üzü görmüşdür. Yüksək bədii tərtibatla hazırlanmış ensiklopediyanın Almaniyada çap olunmuş nümunəvi (tirajı məhdud sayda) və satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi artıq öz oxucusunu gözləyir. “E” (bir hissəsi) ,”Ə” hərflərini (tam) və “F” hərfi üzrə materiallların bir hissəsini əhatə edən cildin həcmi 75,0 şərti çap vərəqi təşkil edir (600 səhifə). Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildlərində olduğu kimi 8-ci cildində də məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərin müşayiəti ilə verilmişdir.
Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mühüm mərhələlərinin, ayrı-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, elə cə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə və texnikaya dair terminlərin izahı verilir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri yaxından iştirak etmişlər.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində hazırda növbəti 9-cu cild çapa hazırlanır, paralel olaraq sonrakı cildlər üzərində iş gedir.