May 02, 2019 | 01:47 /
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində tarix üzrə elmlər doktoru, professor Rauf Hüseynzadə ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru AMEA-nın vitse-prezidenti Dövlət mükafatı laureatı akademik Tofiq Nağıyev açmışdır. O, tarixçi alimi milli ensiklopediyanın kollektivinə təqdim edərək 90 illik yubileyi münasibətilə təbrik etmiş, professor Rauf Hüseynzadənin həyatından, elmi yaradıcılığından danışmış, tədqiqat obyekti olan mövzuların tarixi və elmi əhəmiyyətindən söz açmışdır.
Azərbaycan tarixçiləri İctimai birliyinin sədri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutnun aparıcı elmi işçisi, professor Rauf Hüseynzadə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivi ilə keçdiyi ömür yolunun ən maraqlı, yaddaqalan xatirələrini bölüşmüş, xüsusilə İrəvan ali məktəblərində dəvət olunmuş professor (guest-professor) kimi çalışdığı 1963-2003-cü illərdə Ermənistanda tarix elminə dair tədqiqatlarda, onun tədrisi prosesində rastlaşdığı və etirazla qarşıladığı məqamlara toxunmuşdur. Tarixçı alim müstəqil Azərbaycanda tarix elminin üzərinə düşən, həm də böyük məsuliyyət tələb edən vəzifələrdən bəhs etmiş, müasir dövrdə tariximizin indiyə qədər heç araşdırılmamış, yaxud sovet ideologiyasının tələblərinə uyğun aparılmış tədqiqatların yenidən, həm də əsaslı şəkildə aparılmasının vacibliyindən danışmışdır.
Professor Rauf Hüseynzadə görüşdə monoqrafiya və elmi əsərlərindən, o cümlədən “XII–XIII əsrlər Suriya mənbələri Azərbaycan haqqında” ilk monoqrafiyasından danışmış, “Səlcuqlar və Qafqaz” və “Qafqaz və ermənilər” adlı elmi əsərlərində bir sıra məqamlar üzərində dayanaraq daha ətraflı məlumat vermişdir. O, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin kollektivinə hədiyyə gətirdiyi ən yeni kitabından – ümumtürk problemlərinə həsr etdiyi “Тюрки Дешт-и Кипчака и окружающий мир: Симбиоз кочевой степи и оседлого оазиса” (“Dəşti Qıpçaq türkləri və ətrafdakı dünya: köçəri çölün oturaq vahə ilə simbiozu”, 2019) və bu mövzunun tarixi əhəmiyyətindən söz açmışdır. Milli ensiklopediyanın əməkdaşları maraqlı görüşə və hədiyyə edilmiş yeni kitaba görə qocaman tarixçi alimə minnətdarlıqlarını bildirmişlər.