İyn 18, 2019 | 03:05 /
AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı akademik Tofiq Nağıyevin “Kacniй” qəzetində [№107 (1228), 15 iyun 2019] “Задача государственной важности. Национальная энциклопедия в контексте просветительской политики Гейдара Алиева” (Dövlət əhəmiyyətli vəzifə. Heydər Əliyevin maarifçilik siyasəti kontekstində milli ensiklopediya) adlı geniş məqaləsi dərc olunmuşdur. Məqalədə ümummilli lider Heydər Əliyevin dövlət rəhbəri olduğu hər iki dövrdə Azərbaycanda ensiklopediya işinə xüsusi həssaslıqla yanaşmasından, hələ sovet dövründə nəşr edilmış “Azərbaycan Sovet Ensiklopediyası”nın hazırlanması və çap olunmasına göstərdiyi diqqət və qayğıdan bəhs edilir, həmin dövrdə məhz onun göstərişi ilə keçmiş Çkalov küçəsində (indiki Niyazi küçəsi) yerləşən ensiklopediya üçün İçrəri şəhərdə yeni binanın tikildiyi vurğulanır. Müəllif daha sonra ulu öndərin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə maarifçilik işinə xüsusi əhəmiyyət verməsindən, maarifçiliyin Heydər Əliyev siyasətində önəmli yer tutmasından danışır. Akademik Tofiq Nağıyev bu gün “Azərbaycan” adlı xüsusi cildlə (Azərbaycan və rus dillərində) yanaşı 8 cildi nəşr edilmiş milli ensiklopediyamızın ulu öndərin ensiklopediya işinə verdiyi yüksək qiymətin təcəssümü olduğunu qeyd edərək Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikasının “Nəşriyyat işi” haqqında Qanunundan (30 may 2000-ci il), xüsusilə həmin Qanunun 26-cı maddəsindən geniş söz açır. Həmin 26-cı maddənin əhəmiyyətini oxucya çatdırmaq məqsədilə olduğu kimi veririk:
“Maddə 26. Azərbaycan Milli Ensiklopediyası
Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündə əks etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat müəssisəsidir.
Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycanın Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir.
Azərbaycan Milli Ensiklopediyası:
dövlət proqramına uyğun olaraq milli-universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat və sorğu kitablarının, müxtəlif lüğətlərin nəşrini həyata keçirir;
öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;
ölkədə universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat ədəbiyyatının nəşrini koordinasiya edir;
Azərbaycanı təbliğ edən informasiyaları toplayır, hazırlayır və onların ölkə daxilində və xaricdə yayılmasını təmin edir, informasiya mübadiləsi ilə məşğul olur;
ensiklopedik nəşrlərlə bağlı beynəlxalq tədbirlərdə, sərgi və yarmarkalarda iştirak edir.
Dövlət təşkilatları, elmi müəssisələr Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları təqdim etməlidirlər”.
Ulu öndərin Azərbaycan dövlətçiliyinin təməl prinsiplərindən olan azərbaycançılıq milli ideologiyasının mökəmlənməsində vacib amillərdən olan maarifçiliyə xüsusi əhəmiyyət verməsi sayəsində hazırda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi adını daşıyan və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün gücünü səfərbərliyə alan bu qurum qorunub saxlanıldı. Heydər Əliyevin uğurlu siyasi varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə bağlı verdiyi sərəncam və fərmanlarla ensiklopediya işinin yüksək səviyyədə inkişafını daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev müstəqil Azərbaycanın ilk milli ensiklopediyasının hazırlanmasını və nəşrini Redaksiya Heyətinin Sədri olaraq öz himayəsinə almaqla məhz Ulu öndərin “Azərbaycanın elmi və mədəni sərvətlərini özündə əks etdirən Azərbaycanın Milli Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir” fikrinin reallaşmasına öz layiqli töhfəsini verir. Bu gün Azərbaycan Milli Ensiklopediyası məhz yüksək səviyyəli dövlət qayğısı sayəsində nəşrini uğurla davam etdirir.