Sosial islahatlar inqilabı xarakter almışdır
İyn 27, 2019 | 02:04 /

AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı, akademik Tofiq Nağıyevin “Azərbaycan” qəzetində (25 iyun, №135 (8158) “Sosial islahatlar inqilabı xarakter almışdır” adlı məqaləsi dərc edilib.

 

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatlar, atdığı mühüm addımlar öz miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə həqiqətən də inqilabi xarakter almışdır.

Müasir yüksək texnologiyalar dövründə hərtərəfli biliklərə yiyələnmiş intellektual peşəkarlara tələbat artdıqca, dövlətin elmə, keyfiyyətli təhsilə, bilik əldə edilməsi ilə bağlı bütün strukturlara kapital qoyuluşu durmadan artmış, bu strukturlarda çalışan insanların maddi rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur. Ölkə başçısının 18 iyun tarixli sərəncamları bir daha göstərdi ki, iqtisadiyyat sahəsində bu günədək aparılan siyasətin, çoxsaylı radikal islahatların mərkəzində son hədəf kimi Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi durur.

Sərəncamların birində dövlət  büdcəsindən maliyyələşdirilən bir sıra elm və mədəniyyət müəssisələrində çalışan insanların əmək haqqlarının  artırılması nəzərdə tutulmuşdur. Bu müəssisələr arasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin də olması kollektivimiz tərəfindən sevinclə qarşılanmış, hamımızı daha da səfərbər etmiş, hər birimizi öz vəzifə və eyni zamanda vətəndaşlıq borcunu  xalqa  daha     ləyaqətlə və şövqlə qaytarmağa ruhlandırmışdır.

Onu da qeyd etməliyəm ki, ensiklopediyanın maarifçilik funksiyasını yüksək qiymətləndirən ölkə başçısı Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin sədri kimi Ensiklopediya kollektivinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, qarşımıza çıxan bütün problemlərin həllinə yaxından köməklik etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə kollektiv üçün Akademiya şəhərciyində yeni, möhtəşəm, funksional  cəhətdən  bütün  müasir  tələblərə  cavab  verən bina inşa edilmiş  və  2014-cü ilin may ayının 5-də kollektivin  istifadəsinə verilmişdir.  Respublika  Prezidentinin 24 noyabr 2015-cil il tarixli sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi qərara alındı.Bir ay sonra yubiley münasibətilə ensiklopediyanın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla təltif edilməsi barədə sərəncam verildi. Bütün bunlar dövlətin ensiklopediya nəşrinə olduqca böyük əhəmiyyət verdiyini əks etdirir və biz kollektivimizə göstərilən bu etimadı ardıcıl olaraq  fəaliyyətimizlə doğrultmağa çalışırıq.

Yetişən gəncliyin mariflənməsi yönündə Milli Ensiklopediyanın əhəmiyyətini  nəzərə alan  Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə ensiklopediya cildlərinin kitabxana variantı (hər cildin 25 min nüsxəsi) respublikanın  bütün kitabxanalarına, mədəniyyət qurumlarına, ali və orta məktəblərinə pulsuz paylanılır.

İnsanların zəruri biliklərin əldə etməsində və mənimsəməsində universal ensiklopediyaların rolu olduqca böyükdür. İnternet və digər elektron informasiya vasitələrindən fərqli olaraq, ensiklopediyalar daha zəngin, daha dəqiq və yoxlanılmış materialları özündə ehtiva etməklə oxucu üçün daha məqsədəuyğun informasiya mənbəyidir.

 Milli universal ensiklopediyalar, o cümlədən Azərbaycan Milli Ensiklopediyası oxucuların informasiyaya artan tələbatını ödəməklə yanaşı, cəmiyyətin sosial toplum kimi birləşməsinə də müsbət təsir göstərir. Ensiklopediya ona qoyulan xərcləri ancaq xalqın maariflənməsinə verdiyi töhfələrlə qaytara bilir. Çünki ölkənin və cəmiyyətin uğurları yalnız yüzlərlə görkəmli şəxsiyyətlərdən deyil, həm də milyonlarla yaxşı təhsil almış savadlı insanlardan asılıdır.

                                                   “Azərbaycan Milli Ensiklopediyası”

                                                         Elmi Mərkəzinin direktoru,

                                                             akademik T.M.Nağıyev