İyl 15, 2019 | 12:21 /
AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, Dövlət mükafatı laureatı, akademik Tofiq Nağıyev IUPAC-ın “Kimyanın sərhədləri: gəlin gələcəyimizi quraq! IUPAC-la 100 il birlikdə” şüarı ilə keçirilən 47-ci konqresində iştirak etmişdir (5-12 iyul, 2019) .
IUPAC – Nəzəri və Tətbiqi Kimya üzrə Beynəlxalq Konqres kimyanın bütün aspektlərini əhatə edən kəskin qlobal problemlərin həllinə dair obyektiv elmi ekspertizaların verilməsi üzrə lider təşkilatdır. IUPAC-ın Fransada, Parisdəki Konqres Sarayında növbəti konqresi baş tutmuşdur. 2019-cu il IUPAC-ın 47-ci konqresi və 50-ci Baş Assambleyası qurumun yaranmasının 100, rus alimi D. Mendeleyevin 1869-cu ildə kəşf ediyi kimyəvi elementlərin dövri cədvəlinin 150 illiyinin təntənəli keçirilməsi ilə əlamətdar olmuşdur. IUPAC-ın bu tarixi hadisələrə həsr edilmiş 47-ci konqresi yüksək səviyyədə keçirilmişdir.
Konqresin elmi proqramı IUPAC2019 veb-saytında yerləşdirilmişdir. 47-ci konqresin təşkilatçıları – öz elmi sahələrində tanınmış fransız, həmçinin xarici ölkə alimləri 30 simpozium və hər biri yarım günlük 80-ə yaxın iclas təşkil etmişlər. Geniş elmi tədbirdə 8 plenar məruzə, 80-ə yaxın əsas və 160 dəvətli məruzə dinlənilmiş, 2-3 sensla 3000 poster, 500-ə yaxın məruzə təqdim olunmuşdur. 47-ci konqresdə 3500 kimyaçı alim iştirak etmişdir.
Konqresin elmi proqramı 9 bölmədən ibarət olmuşdur. Akademik T.M.Nağıyev 6 simpoziumdan ibarət olan “Chemistry accross the Themes” proqramında iki məruzə ilə çıxış etmişdir. Alimin hər iki məruzəsi bir tərəfdən “Yaşıl kimya”nın tələblərinə cavab verən oksidləşdirici proseslərə, digər tərəfdən də davamlı biomimetik katalizatorların yaradılması və işlənməsində yaxın elm sahələrinin birgə yanaşma prinsiplərinə həsr olunmuşdur.