Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
Dek 24, 2019 | 11:52 /

Ramiz Mehdiyev
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti  


Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə çevrilir, ən mühüm məqamları gözləri ilə görmək və onun həqiqi miqyasını real zaman rejimində qiymətləndirmək imkanı əldə edirlər. O zaman istər-istəməz inanırsan ki, insanın quruculuq istedadının bənzərsizliyi mahiyyət etibarilə heç də təsadüfi deyil.

Quruculuq istedadı özünü həmişə göstərir – gündəlik münaqişələr, böhranlar, hadisələrin mürəkkəb gedişi burulğanında da, həyati məsələlərdə də. Labüd olaraq adilik mənzərəsi yaradan ilk təəssüratların effekti göz qabağında geri çəkilir, realist idraka geniş meydan verir.

Həssas və mahir loğman adlandırılan zaman keçmişə nəzər salmağa məcbur edir. Ötən günlərin səciyyəvi xüsusiyyətlərinin hərtərəfli təhlili həmvətənlərimizin hər birini olub-keçənlərə bir növ yekun vurmağa, ibrətamiz mübarizə praktikasına və qalib gəlmək məharətinə sövq edir.

Bu material Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi xadim və görkəmli dövlət xadimi Heydər Əliyevi əvəz etmiş Prezident İlham Əliyev haqqında kitabın bir fəslidir. 2003-cü ilin oktyabr ayında növbəti prezident seçkilərindən bir qədər əvvəl Ümummilli Lider öz namizədliyini varisi İlham Əliyevin xeyrinə geri götürdü.

İnkişafın yüksək tempi və innovasiyalılıq ilə səciyyəvi olan XXI əsrin post-sənaye dövrü səhv etməyə şans vermir. Buna görə də Azərbaycan xalqı müstəsna düzgün seçim etməli idi. Bu seçim yeni, dünyada bərqərar olmamış şəraitdə ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış işi davam etdirməyə imkan verməli idi.

2003-cü il oktyabrın 15-də belə bir seçim edildi – İlham Əliyev Azərbaycan Prezidenti seçildi.

İlham Əliyevin həll etməli olduğu məsələlər çox genişmiqyaslı idi. Onlar Heydər Əliyevin fəaliyyətinin yekunları ilə müəyyən olunurdu – dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi artımın yüksək sürətinin təmin edilməsi və yeni iş yerlərinin yaradılması, xalqın sosial rifah səviyyəsinin yüksəldilməsi, Silahlı Qüvvələrin modernləşdirilməsi yolu ilə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, xarici siyasət sahəsində milli maraqların təmin edilməsi və heç şübhəsiz, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və s.

Qarşıya qoyulmuş hədəflərə nail olmağa şərait yaradılması üçün dövlət başçısı, ilk növbədə, həm onun həmməsləklərinə, həm də ölkənin bütün vətəndaşlarına aydın olan müvafiq dövlət idarəçilik sistemi formalaşdırmalı idi.

Yeni dövlət başçısının qarşısında labüd olaraq Azərbaycanın gələcək inkişaf vektorunun müəyyən edilməsi, ölkəni inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmalı olan müvafiq məsələlərin formalaşması kimi mürəkkəb vəzifələr dururdu. Nəzərdə tutulan planların icrası üçün kreativ komanda formalaşdırmaq tələb olunurdu. Bu komanda idarəetmə sistemində innovasiyalı texnologiyalar tətbiq etməklə ölkədə “informasiya cəmiyyəti”nin inkişafına güclü təkan verməli idi. Bu o demək deyildir ki, yeni Prezident əvvəlki Prezident Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi. Ağıllı dövlət başçısı bu fürsəti əldən verməz və məhz təhsilli, təcrübəli, istedadlı, xalqın həqiqi mənafelərini müdafiə edən kadrları öz tərəfinə çəkər. Buna görə də Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı.

Etiraf etmək lazımdır ki, yeni minilliyin əvvəlində Azərbaycanın üzləşdiyi təhdidlər İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi, demək olar ki, müstəsna qabiliyyətlər tələb edirdi. Heydər Əliyevin prezidentlik dövrünün tarixi göstərir ki, Azərbaycan şəraitində transformasiyalar təkamül yolu ilə və dərk edilmiş inkişafa əsaslananda səmərəli olur.

Qloballaşma proseslərinin fəallaşdığı şəraitdə Azərbaycanın inkişafı ilə bağlı genişmiqyaslı planları yalnız həqiqi siyasi liderlər həyata keçirməyə qadir idi. Bununla bərabər, siyasət olimpinə təsadüfən gəlib çıxmış insanların özlərindən sonra xarabalıqlar qoyub getməsi nümunələri tarixdə çox olub. Bu baxımdan, özlərindən sonra yalnız dağıntı və qanlı izlər qoyub getmiş Neron, İdi Amin, Pol Pot və bir sıra başqa tiranları xatırlamaq kifayətdir.

Bu və ya digər səbəblər üzündən peşəkarlıq baxımından yararsız insanlar dövlət sükanı arxasına keçəndə nələr baş verdiyini yəqin etmək üçün XX əsrin 80-ci illərinin sonunda və 90-cı illərinin əvvəlində Azərbaycan xalqının da imkanı olub. O vaxt məsuliyyətsiz və avantürist rəhbərlərin əməlləri nəticəsində ölkə dərin siyasi və sosial-iqtisadi böhranla üzləşdi, uçurum qarşısında qaldı.

XXI əsrin əvvəlinin reallıqları, dövlətin inkişafının yeni mərhələsində onun qarşısında duran mürəkkəb məsələlər tamam başqa tipli siyasi lider tələb edirdi. Müasir cəmiyyətin və yeni tipli siyasi liderin dialektikasını əvvəlki dünyabaxışı yanaşmaları və köhnə nəzəriyyələr əsasında anlamaq mümkün deyil. Müasir siyasi lider əvvəlki dövrlə müqayisədə daha incə və mürəkkəb məsələləri həll etməlidir. O, insanların psixikasından daha çox onların zəkasına təsir göstərməli və onları təkcə praktiki məsələlərin həlli üçün səfərbər etməklə kifayətlənməməlidir. O, xalq kütlələrinin mənafelərini demokratiya ilə birləşdirmək, öz nümunəsi və sözü ilə milləti birləşdirmək, onda quruculuq və vətənpərvərlik ruhu formalaşdırmaq qabiliyyətinə malik olmalıdır. Yeni siyasi lider irəli çəkiləndə deyil, əhalinin əksəriyyəti tərəfindən qəbul ediləndə sosial dəyər kəsb edir, əmin olur ki, dövlətin mənafeləri onun praktiki işi olacaq. Bu isə siyasi liderin dünyagörüşündən, zehni qabiliyyətindən və praktiki fəaliyyətindən, Vətənin taleyi üçün məsuliyyətindən, onun praktiki ideyalarının insanların qəlbinə nə dərəcədə yol tapmasından asılıdır.

İlham Əliyevin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqi hələ yaddaşlardan silinməyib. O, həmin nitqində demişdi: “Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur.

Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm.

Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.[1]

Ötən 16 il göstərdi ki, İlham Əliyev siyasi-iqtisadi varislik yolunu, əvvəlki onillikdə Heydər Əliyevin nail olduqlarını rəvan, sabit şəkildə inkişaf etdirmək və artırmaq yolunu seçib.

Azərbaycan xalqı öz xilaskarı Heydər Əliyevə sadiq qaldı. Ölkə dinamik inkişafını davam etdirdi. Əlavə tədbirlər sayəsində prezidentlik institutu möhkəmləndi, daxili siyasət və ictimai həyat sahəsində ölkə vətəndaşları tərəfindən yüksək etimad əldə edildi. İctimai təsisatların hüquqi və təşkilati baxımdan təsbit olunması ölkədə sabitliyin bərqərar olmasını təmin etdi. Pozucu müxalifətin ölkədə xaos, hərc-mərclik yaratmaq, bununla da respublikada normal əmək ritmini pozmaq cəhdləri tamamilə puç oldu, bu cəhdlərin gələcəkdə dirçəlməsinə heç bir ümidi qalmadı. Ölkə ümumi inkişafa doğru aparan yola inamla qədəm qoydu.

Yeni minilliyin ikinci onilliyi xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalarla əlamətdardır. Yeni tipli cəmiyyət formalaşdırmaq problemlərinin həllinə əvvəlki yanaşmaların potensialı tükənib. İndi güclü inkişaf üçün stimul yaradan yeni, innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər əhalidən və ölkənin ayrı-ayrı vətəndaşlarından mütəşəkkillik, intizam və səmərəli iqtisadi forma və dəyərlər axtarışını tələb edir. Bu dəyərlər dövlətin rəqabət qabiliyyətini təmin etməlidir.

Bu hədəflərə nail olmağın lokomotivi qismində vətəndaşlar özləri çıxış edirlər. Onların intellektual səviyyəsi və yaradıcılıq qabiliyyəti yeni dəyişikliklərə uyğun olaraq təkmilləşməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan müasir dövrün diktə etdiyi məsələlərin həlli üçün nadir imkanlara malikdir.

İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident İlham Əliyev öz vəzifələrinin icrasına başlayanda “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” (noyabr 2003), “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının dövlət proqramının təsdiq edilməsi haqqında (2004-2008)” (fevral 2004) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafının sürətini müəyyən etdi. Məhz bu fərmanlar ölkənin inkişafı ilə bağlı problemlərin yeni, innovasiyalı dərkinə keçməyə təkan verdi. Cəmiyyət həyatının bütün tərəflərinin modernləşdirilməsi prioritetə çevrilir.

Beləliklə, Azərbaycanın inkişafında 2003-cü ilin oktyabrından başlanan yeni mərhələnin mahiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırmağa başladı.

2019-cu ilin əvvəlində hərtərəfli düşünülmüş iqtisadi siyasət sayəsində Azərbaycan xeyli irəliləyib, neft amilindən asılılıq əhəmiyyətli dərəcədə azalıb. “Neftdən asılı dövlət” modeli keçmişdə qalıb. İqtisadiyyatın şaxələndirilməsində ciddi uğurlar qazanılıb. Dövlət sahibkarlığa və aqrar sənaye kompleksinə ciddi kömək göstərir. Ən başlıcası, Azərbaycan ərzaq mallarının əksəriyyəti üzrə özünü təmin etmək səviyyəsinə çatıb.

Prezident İlham Əliyevin idarəçilik istedadı sayəsində Azərbaycan özünün sosial dövlət mövqelərini xeyli möhkəmlədib. Mahiyyət etibarilə Azərbaycan güclü ordusu və güclü xarici siyasəti olan qüdrətli dövlətdir. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür. Azərbaycanın müasir panoramı böyük inkişafın geniş məkanıdır.

Bununla belə, ictimai-siyasi sabitlik təmin edilmədən bu cür nəticələrə nail olmaq çətin olardı. Analitiklərin hesablamalarına görə, Azərbaycanın ümumi inkişafı məhz bu amillə müəyyən olunur.

Uğur qazanmağın digər şərtləri icra intizamının təmin edilməsi, vətəndaşların hər sahədə məsuliyyətinin artırılması, həmçinin ölkə rəhbərliyinin ölçülüb-biçilmiş hərəkətləridir. Bunlar bütün islahatların əsasıdır. Prezident İlham Əliyev bilir ki, ümumi modernləşdirmə olmadan tərəqqi də olmayacaq, ölkə əvvəlki vəziyyətdə ilişib qalacaq. O, rəqəmsal texnologiyaların geniş tətbiqinə, infrastrukturun inkişafına üstünlük verdi. Ölkədə tikinti işləri, məktəblərin və tibb müəssisələrinin təmiri, şəhərlərin və kəndlərin yeniləşməsi, yolların, yeni nəqliyyat qovşaqlarının və körpülərin inşası, müasir rabitə sistemlərinin yaradılması və yeni kommunikasiya texnologiyalarının tətbiqi geniş miqyas alıb.

Prezident ölkənin dünyada nüfuzunu artırmağa, başqa ölkələrlə iqtisadi tərəfdaşlığı genişləndirməyə nail olub. Nəticədə respublikada keyfiyyətcə yeni sosial-iqtisadi və siyasi mühit yaranıb. Prezident İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və onun yaratdığı siyasi sabitlik sayəsində Azərbaycan gələcəyə doğru inamla irəliləyir.

Bir qədər irəli gedərək qeyd etməliyəm ki, Prezident İlham Əliyevin qurucu fəaliyyətinin nəticələrini çox gözləməyə ehtiyac qalmadı. Belə ki, 2005-ci ilin məlumatına görə,  ümumi daxili məhsul 1990-cı illərin səviyyəsindən 11 faiz çox olub. 2004-2013-cü illərdə isə, Azərbaycan iqtisadi artım sürətinə görə (orta hesabla ildə 13 faiz) dünyada liderdir.

Bu illər ərzində vergi-büdcə siyasəti iqtisadi artımın ən mühüm amili olub. Bu dövrdə büdcənin xərcləri 12,7 dəfə, əsaslı xərclər isə 47 dəfə artıb. Neft sektorundan əldə edilmiş mənfəətin təqribən yarısı ölkənin sosial-iqtisadi inkişafına sərf edilib. Dövlətin zəruri maliyyə resurslarından istifadə olunması keyfiyyətli sosial-iqtisadi infrastrukturun yaradılmasına kömək edib, respublikada iqtisadi-istehsal fəallığı əhəmiyyətli dərəcədə artıb.

İlham Əliyev Ümummilli Liderin siyasi xəttini yeni şəraitdə həyata keçirərək bütün sosial proqramları, iqtisadi və ictimai-siyasi, kadr islahatlarını həqiqətən inqilabi inadkarlıqla həyata keçirir. Bu islahatlar sayəsində ölkənin siması kökündən dəyişir. Bu gün hətta ən ucqar regionlar sosial-iqtisadi və mədəni inkişaf səviyyəsinə, abadlığa, memarlıq və bədii  simanın gözəlliyinə görə respublikanın paytaxtından heç də geri qalmır. Etiraf etmək lazımdır ki, Azərbaycanda baş verən genişmiqyaslı dəyişikliklərin sürəti dünyada ən yaxşı nümunələrlə müqayisə edilə bilər.

İnformasiya-kommunikasiya, müasir texnologiya və idarəçilik sahələrində nailiyyətlər Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatına fəal tətbiq edilir. Çoxsaylı genişmiqyaslı transmilli layihələr uğurla həyata keçirilib. Bütün bunlara bilavasitə Prezident İlham Əliyev rəhbərlik edir. Ölkənin hərtərəfli dəyişməsinə yönəlmiş və reallığa çevrilmiş yeni ideya və layihələrin müəllifi başqası deyil, Prezident özüdür. Onun sabit yeniləşmə siyasəti həm dövlət sektorunun, həm də özəl sektorun işçilərini ölkədə tarixi dəyişikliklərə ruhlandırır.

İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. Onun fundamental islahatlar yolu ilə dəyişikliklər etmək enerjisi aşıb-daşır və bu enerji iqtidarda onun məsləkdaşlarına da sirayət edir.

Hələ 2005-ci il iyulun axırlarında ABŞ dövlət katibinin Avrasiya regionunda münaqişələr və Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mann Türkiyənin NTV telekanalına müsahibəsində Azərbaycan Prezidentinin fəaliyyətini çox yüksək qiymətləndirib. İlham Əliyevin əsl siyasətçi olduğunu deyən S.Mann onu da vurğulayıb ki, Azərbaycan xalqının İlham Əliyev timsalında çox yaxşı Prezidenti var. O, daha sonra deyib: “Hesab edirəm ki, ölkədə siyasi islahatlar davam etdiriləcək, neftdən alınan gəlirlər sıravi vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək”.[2] 

Təbii ki, S.Mannın bu fikirlərini Vaşinqtonun Azərbaycan rəhbərliyinə münasibəti kimi qiymətləndirmək olar.

Bir məsələni də qeyd etmək lazımdır – Stiven Mann bu uzaqgörənliyində yanılmayıb. Məsələ burasındadır ki, son 16 ildə ölkədə islahatlar davam etdirilib və 2019-cu ilin əvvəlindən genişmiqyaslı xarakter alıb.

İslahatlar dövlət idarəçiliyi prinsiplərinin bütün sisteminin modifikasiya edilməsi və təkmilləşdirilməsi prosesidir. Onların mahiyyəti dövlət siyasətinin bütün strukturunun məzmununun təkamül yolu ilə yaxşılaşdırılmasından ibarətdir. İslahatlar cəmiyyətin siyasi, iqtisadi və sosial tərkib hissələrini təkmilləşdirməklə bərabər, həm də hakimiyyət ilə cəmiyyət arasında münasibətləri tamamilə yeni səviyyəyə çatdırır.

İlham Əliyev islahatların səviyyəsini qaldırmaqla daim ciddi dövlət lideri keyfiyyətini nümayiş etdirir. Bu nadir keyfiyyətlər heç də bütün müasir siyasətçilərə və ya dövlət başçılarına xas deyil. Təəssüf ki, dünyada islahatlar aparmaq əzmində olan dövlət başçıları çox deyil. Belə hesab edilir ki, islahatların müəyyən aspektləri ölkədə bəzi qüvvələri idarəetmə və hakimiyyət sistemində radikal dəyişikliklərə stimullaşdırır. Onlar belə hesab edirlər ki, insanların şüurunu oyatmamaq yaxşıdır.

“The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillik günündən sonra” adlı kitabın müəllifi Svante Kornellin məqaləsi dərc edilib. Müəllif bu məqalədə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, onların regionda inkişafa təsirini təhlil edir.

S.Kornellin fikrincə, ölkədə cari islahatlar əsl vaxtına düşüb. Budəfəki islahatlar 2015-ci ildə neftin qiymətinin azalması ilə bağlıdır, hərçənd Azərbaycanda bundan əvvəl də islahatlar aparılırdı. Məsələn, 1999-cu ildə Norveç modeli üzrə Dövlət Neft Fondu yaradıldı. 2012-ci ildə Azərbaycanda “ASAN xidmət” işə salındı. Müəllif hesab edir ki, “ASAN xidmət” sayəsində vətəndaşlarla dövlət qulluqçuları arasında əlaqələr məhdudlaşdırılıb, korrupsiya faktları aradan qaldırılıb. “ASAN xidmət” bu gün də çox populyardır. S.Kornell qeyd edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dövlət xidmətlərinin təqdim edilməsi zamanı korrupsiya üçün əlverişli şəraitin aradan qaldırılması üzrə “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib.

Müəllif qeyd edir ki, 2014-cü ildə neftin qiymətinin azalması nəticəsində Azərbaycanda iqtisadi vəziyyət pisləşib. İslahatlar da bundan sonra başlanıb. Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizinin inkişafı barədə Çinin və Avropa ölkələrinin planlarında Azərbaycanın iştirakı iqtisadiyyatın şaxələndirilməsinin aşkar metodu idi.

S.Kornell yazır ki, Prezident İlham Əliyevin islahatlara yanaşması köhnə təsisatları “təmir etmək” deyil, imkan daxilində yeni təsisatlar yaratmaqdan ibarət idi. Hökumət Mədəniyyət Nazirliyindən ayrıca Turizm Agentliyi yaratdı, viza prosedurları sadələşdirildi. Hazırda Azərbaycanda “ASAN xidmət” vasitəsilə idarə edilən elektron viza dünyada ən rahat sistem hesab olunub. Çinin, Cənubi Koreyanın, habelə bir neçə körfəz ölkəsinin vətəndaşları Azərbaycana gələndən sonra burada viza ala bilirlər. Bu, turizmin əhəmiyyətli dərəcədə inkişafına şərait yaradıb: 2008-ci ildə Azərbaycana 1 milyon turist gəldiyi halda, 2017-ci ildə bu göstərici 2,6 milyona bərabər olub. Kornell yazır ki, 2019-cu ildə turistlərin sayının 3 milyondan çox olacağı gözlənilir. Kosmopolit mühiti və parlaq mədəni həyatı ilə seçilən Bakı ərəb ölkələrindən çoxsaylı turistləri cəlb edir. Hazırda Bakı küçələrində Cənubi Asiyadan olan çoxlu turistləri görmək olar.

Azərbaycan ölkəni iki nəqliyyat dəhlizinin habına çevirməyi planlaşdırır: Aİ ölkələrindən Çinə tərəf uzanan Şərq-Qərb dəhlizi və Rusiyanı İran və Hindistanla əlaqələndirən Şimal-Cənub dəhlizi. Bu baxımdan Bakı ətrafındakı Ələt limanı və onun sərbəst iqtisadi zonası xüsusi əhəmiyyət kəsb edir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə gətirilən yük 2017-ci ilin oktyabrında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə qısa müddətdə Avropadakı təyinat məntəqələrinə göndərilə bilər.

Bu islahatlar nəticəsində Dünya Bankı özünün “Biznesin idarə edilməsi haqqında” hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci yerə yüksəldib. Dünya Bankı Azərbaycanda biznes qurulmasının asanlığını, tikinti işlərinin aparılmasına icazələrin alınması, mülkiyyətin qeydiyyatı, vergi və güzəştlərin ödənilməsi, gömrük prosedurları üçün şəffaf elektron sistemlər yaradılması üçün “bir pəncərə” sistemini xüsusi vurğulayıb.[3] 

Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə 2003-cü ilin noyabrından iqtisadiyyat yeni inkişaf relslərinə düşüb. 2018-ci ilə qədər heyrətamiz uğurlar qazanılıb. Bu, aşağıdakı cədvəldən də görünür.

 

İqtisadi göstərici

2003

2018

Fərq

ÜDM (milyard manat)

7.15

79.8

+3.3 dəfə

(real artım)

Adambaşına ÜDM (manat)

872.7

8126.2

+9.3 dəfə

Büdcənin gəlirləri (milyard manat)

1.2

22.5

+18.8 dəfə

İşsizlik səviyyəsi (%)

9.2

4.9

-1.9 dəfə

Yoxsulluq səviyyəsi (%)

44.7

5.1

-8.8 dəfə

Xarici valyuta şəklində ehtiyatlar (milyard ABŞ dolları)

1.6

44.9

+28.1 dəfə

Əhalinin gəlirləri (milyard manat)

5.7

53.7

+9.4 dəfə

Adambaşına gəlir (manat)

700.7

5467

+7.8 dəfə

Qeyri-neft sektorunda ÜDM  (milyard manat)

4.5

46.9

+2.8 dəfə

(real artım)

Xarici ticarətin həcmi (milyard ABŞ dolları)

5.22

31.8

+6.1 dəfə

İqtisadiyyata investisiyalar  (milyard manat)

4.25

25.88

+6.1 dəfə

Orta aylıq əməkhaqqı (manat)

77.4

544.6

+7 dəfə

 

Son 16 ildə iqtisadiyyata 250 milyard dollar məbləğində sərmayə qoyulub. Nəticədə bu gün Azərbaycan şaxələndirilmiş iqtisadiyyat sisteminə malikdir. Bu sahədə ciddi nailiyyətlər qazanılıb. Neft sənayesi ardıcıl inkişaf edib, müasir texnologiyalarla təchiz olunmuş onlarca yeni sənaye müəssisəsi tikilib və fəaliyyətə başlayıb. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqramı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texnoloji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aqrar sahədə aparıcı istiqamətə çevrilir. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artmaqdadır.

İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Pambıqçılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə -  badam, fındıq, sitrus, xurma, zeytun, qoz, nar bağlarının sahəsi xeyli genişlənib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb.

Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib: Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2014-cü il sentyabrın 20-də təməli qoyulmuş Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində  mühüm rol oynayacaq. Dəyəri 40 milyard dollardan artıq olan bu layihə yüksək sürətlə reallaşdırılıb və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsinin reallaşdırılması qrafik üzrə davam edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına başlanıb. 2017-ci il oktyabrın 30-da Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu dəmir yolunun tikintisi 2007-ci ildə başlanmışdı. Azərbaycanın Rusiya, İran və Gürcüstan ilə sərhədlərinə qədər yeni magistral avtomobil yolları çəkilib. Azərbaycan böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edən bu beynəlxalq layihələri reallaşdırmaqla Avrasiyanın çox mühüm tranzit və logistika mərkəzinə çevrilir.

Kosmik orbitə 3 peyk çıxarmış Azərbaycan dünyada sayı çox olmayan kosmik ölkələr klubuna daxil olub. 2013-cü il fevralın 8-də Azərbaycanın birinci, 2014-cü il iyunun 30-da ikinci, 2018-ci il sentyabrın 26-da isə üçüncü telekommunikasiya peyki orbitə çıxarılıb.

2003-cü ildən sonrakı dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr və kitabxanada genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb, onlar yeni avadanlıqla təchiz edilib. Ölkənin ali məktəblərində, elmi mərkəzlərdə, respublika Milli Elmlər Akademiyasının müəssisələrində də analoji işlər aparılıb. Ölkədə 16 il ərzində 15 min kilometrdən çox asfalt yol çəkilib, 443 körpü inşa edilib. Bakı Metropoliteninin 4 yeni stansiyası istifadəyə verilib. Cəmi iki il bundan əvvəl Xəzər dənizində ən iri beynəlxalq liman – Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Bu müddətdə Azərbaycanda altısı beynəlxalq olmaqla, 7 aeroport tikilib.

2003-2019-cu illərdə ölkədə 31 elektrik stansiyası tikilib istifadəyə verilib.  Nəticədə Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə başlayıb. Ölkənin yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi göstəricisi artaraq 51 faizdən 95 faizə çatdırılıb. Oğuz-Qəbələ-Bakı su kəməri xətti çəkilib, ən iri sutəmizləyici qurğu tikilib, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təchizatı təmin olunub.

Son 16 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş aparılıb. Ölkədə bütün çadır düşərgələri və “fin evləri”ndən ibarət qəsəbələr ləğv edilib, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilib. Şəhid ailələri, müharibə veteranları və əlilləri xüsusi qayğı ilə əhatə olunub. Onlara dövlət hesabına 5500-dən çox mənzil, 6 mindən çox minik avtomobili verilib. 

Sosial sahədə islahatlar inqilabi xarakter daşıyır. 2019-cu il sentyabrın 1-dən etibarən pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər yüz faizdən çox artırılıb. Dövlət qulluqçularının, hüquq mühafizə orqanlarının işçilərinin, hərbi qulluqçuların və başqalarının əməkhaqqı artırılıb.

Ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistem şəklində birləşdirən “ASAN xidmət” və DOST Azərbaycanın brendlərinə çevrilib.

İstedadlı müstəqil jurnalist Eynulla Fətullayev 2018-ci il fevralın 9-da “Haqqın.az” informasiya-analitik portalında dərc edilmiş məqaləsində yazır: “Dövlətçiliyin dirçəldilməsi, iqtisadiyyatın çiçəklənməsi, siyasi modernləşmə - Əliyev konsepsiyasının vəhdət təşkil edən bu üçlüyü iki prezidentin idarəçilik ruhunu xarakterizə edir. Parçalanma, məhvolma həddinə çatdırılmış, dəhşətli vətəndaş müharibəsi və erməni müdaxiləsi tonqalına atılmış ölkə sanki möcüzə sayəsində xilas edildi və qorunub saxlandı. Dünyanın ən narahat ölkələrindən birində sabitlik bərqərar oldu və bu sistem iqtisadi dirçəlişə, ümumi rifah cəmiyyətinin təşəkkülünə şərait yaratdı”.

Daha sonra: “Taleyin və tarixin qismətindən Əliyevlər, indiki halda İlham Əliyev olmasaydı, Azərbaycan iflasa məhkum olardı. Axı, Azərbaycana yalnız inqilabi hərc-mərclik, qlobal özbaşınalıq və vətəndaş ayrı-seçkiliyi təklif edirlər. Azərbaycana dövlətçiliyi tamamilə torpağa göməcək inqilabi liberalizm təklif edirlər. Ya Əliyev, ya da parçalanma. Hətta əsrin dörddəbiri qədər vaxt keçəndən sonra da bizim seçimimiz böyük deyil: keçmiş ilə gələcək arasında cəmi bir imza olmalıdır”.[4]

 

Postneft dövrünün islahatları

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev postneft dövründə iqtisadiyyatı bacarıqla idarə edərək ölkəni yeni inkişaf yollarına çıxarıb. 2016-cı ildə Azərbaycan iqtisadiyyatında xarici şokların və əsas ticarət tərəfdaşlarının resessiyasının təsiri altında baş vermiş qısamüddətli tənəzzül 2017-ci ildə sabitləşmə və 2018-ci ildə iqtisadi artımla əvəz olundu. Buna səbəb Prezident İlham Əliyev tərəfindən qısa müddətdə mühüm qərarların qəbul edilməsidir:

1.Xarici şokların təsiri altında olan iqtisadiyyatın restrukturizasiyası yeni iş yerləri yaratmağa və kütləvi işsizliyin qarşısını almağa imkan verdi;

2. Düzgün təşkil edilmiş makroiqtisadi əlaqələndirmə manatın sabitliyini və inflyasiyanın birrəqəmli olmasına nəzarəti təmin etdi;

3. Strateji yol xəritələri təsdiq edildi və inkişafın yeni iqtisadi modeli müəyyən olundu;

4. Ən vacibi, xarici şokların sosial rifaha potensial mənfi təsirlərinin qarşısı alındı.

İslahatların əsas istiqamətlərini bu cür qruplaşdırmaq olar:

1. İqtisadi islahatlar (vergi-gömrük, tikinti, enerji şəbəkəsinə qoşulma, sahibkarlığın dəstəklənməsi və s.).

2. Məhkəmə-hüquq islahatları (ədalət mühakiməsinin keyfiyyətinin, səmərəsinin və şəffaflığının artırılması).

3. Sosial islahatlar (institusional islahatlar və sosial paket).

4. Kadr islahatları.

Azərbaycan aparılan islahatların sayına görə təkcə 2019-cu ildə deyil, 2020-ci ildə də dünyada ən iri islahatçı ölkələr sırasına daxildir. Bu barədə Dünya Bankının “Doing Business 2020” hesabatının yayılmasından əvvəl dərc edilmiş bloqda bəhs edilir. Keçən il Azərbaycan 57-ci yerdə idi. O vaxt top-islahatçı olmaq asan idi. 25-ci mövqedə olan Azərbaycanın islahatların sayı ən çox olan ölkələr siyahısına düşməsi həqiqətən çətin idi. Hazırda ölkəmiz “Doing Business” biznes mühiti etalonundan 78,64 faiz həddinə çatıb, yəni, o, məqsədə yaxındır. Etalona yaxınlaşdıqca, top-islahatçı olmaq daha da çətinləşir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyev ölkəni inamla “Doing Business” zirvəsinə aparır.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu antiböhran tədbirləri və kompleks islahatlar təbii ehtiyatlarla zəngin digər ölkələrlə müqayisədə daha səmərəli olub. Prezidentin rəhbərliyi ilə ölkədə sosial, siyasi və makroiqtisadi sabitlik, əhalinin sosial firavanlığı və davamlı iqtisadi artım təmin edilib.

Hazırda (2019-cu ildə) ölkənin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarından çox, xarici borcun məbləği isə ÜDM-in cəmi 17 faizi qədərdir. Azərbaycanın strateji valyuta ehtiyatları 5 il ərzində idxalın maliyyələşdirilməsi üçün kifayətdir. Tədiyyə balansının və konsolidə edilmiş büdcənin profisiti makroiqtisadi sabitliyin və davamlı inkişafın əsasıdır. 2019-cu ilin ilk 8 ayı ərzində ÜDM 2,4 faiz, qeyri-neft-qaz sektorunda 3 faizdən çox, qeyri-neft ixracının həcmi isə 17 faiz artıb. Xüsusi qeyd etmək lazımdır ki, qeyri-neft-qaz sənayesi 15,2 faiz, informasiya və kommunikasiya xidmətləri 17,6 faiz, kənd təsərrüfatı 6,2 faiz artıb. Hərçənd, iqtisadi inkişafın mövcud sürəti daha yüksək bazaya əsaslanır. Bütövlükdə 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ÜDM-i 3,3 dəfə artıb.

2019-cu ilin əvvəlindən Azərbaycan iqtisadiyyatının imkanlarının çoxalması büdcənin gəlir hissəsinin 18 faiz artmasına gətirib çıxarıb. Prezidentin siyasi iradəsi ilə artan büdcə imkanları bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bir məqam xüsusi əhəmiyyət kəsb edir ki, sosial təminat üzrə irimiqyaslı tədbirlər paketinin reallaşması Prezident tərəfindən müəyyənləşdirilmiş, maliyyə sabitliyini təmin edən büdcə qaydaları çərçivəsində həyata keçirilib. Başqa sözlə desək, inqilabi sosial paketin reallaşması inflyasiya təzyiqi yaratmadan və manatın sabitliyi şəraitində mümkün olub.

Qeyd etmək lazımdır ki, 2014-cü ilin ikinci yarısından başlayaraq neftin dünya bazarında qiymətlərinin üç dəfə azalması, tərəfdaş ölkələrdə tənəzzül və devalvasiya Azərbaycan iqtisadiyyatının kənar sarsıntılara uyğunlaşması zərurətini yaratmışdı. 2017-2018-ci illərdə ÜDM qeyri-neft sektorunun hesabına orta hesabla 2,3 faiz artıb. Bütövlükdə isə davamlı, uzunmüddətli, əhəmiyyətli və geniş əhatəli artımın təmin olunması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və beynəlxalq mövqelərinin qorunub saxlanması siyasətinin davam etdirilməsi dövlət üçün əsas çağırışlara çevrilib. 

Prezident İlham Əliyev dərin struktur islahatlarına xüsusi diqqət yetirir. Bu islahatlar dünyada baş verən sarsıntılar fonunda sosial-iqtisadi göstəricilərin yaxşılaşmasında mühüm rol oynayır. Azərbaycanda kompleks islahatların növbəti mərhələsi 2016-cı ildə başlandı və 2019-cu ildə davam etdirildi. Milli iqtisadiyyatın perspektivləri barədə 2016-cı ildə qəbul edilmiş strateji yol xəritəsində əsas hədəf struktur islahatlarının davam etdirilməsi və daha səmərəli idarəetmə sisteminə keçid idi.

Struktur islahatlarının reallaşması ümumi inkişafa mane olan problemlərin aradan qaldırılmasında mühüm rol oynadı və əhalinin sosial problemlərini həll etməyə, biznes maraqlarını təmin etməyə, şəffaflığı artırmağa, müxtəlif sektorlarda inzibati prosedurların sayını və məsrəfləri azaltmağa, habelə dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa imkan verdi.

Beləliklə:

-biznesin qurulması üçün qeydiyyat prosedurlarının sayı üçdən birə, müddəti isə 3,5 gündən 12 saata düşüb;

-tikinti üçün bütün texniki spesifikasiyalar və icazələr sahibkarın iştirakı olmadan elektron formada təqdim edilir. Tikinti və istifadə üçün icazələr alınması pulsuzdur və internet vasitəsilə “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Prosedurların sayı 18-dən 7-yə, onlara sərf edilən vaxt 116 gündən 38 günə, xərclər isə 6600 manatdan 3345 manata endirilib;

-elektrik şəbəkəsinə qoşulmaq üçün sifarişlərin elektron sistemi istifadəyə verilib, prosedurların sayı 7-dən 2-yə, bunun üçün tələb edilən vaxt 41 gündən 20 günə endirilib;

-daşınmaz əmlakın və kadastr işlərinin qeydiyyatı ilə bağlı problemlər üzrə apelyasiyalar üçün xüsusi müstəqil mexanizmlər yaradılıb, prosedurların sayı 3-dən 1-ə, bunun üçün tələb edilən vaxt 5 gündən 1 günə endirilib;

-kredit alınması üçün bütün növ girovlara icazə verilib, yüklənmə müqaviləsində əsas öhdəliyin maksimal məbləğini göstərmək imkanı yaradılıb;

-xırda investorların hüquqlarının müdafiəsi gücləndirilib. Səhmdarlar öz fəaliyyəti ilə vurduğu ziyana görə direktoru məsuliyyətə cəlb edə bilərlər;

-sosial sığorta üçün ödəmələrin həcmi 22 faizdən 15 faizə endirilib, ƏDV-nin ödənilməsinin inzibati proseduru təkmilləşdirilib və indi bu prosedur elektron formada həyata keçirilə bilər. Vergi yükü əhəmiyyətli dərəcədə azaldılıb, mikro və kiçik biznes subyektlərinə əlavə vergi güzəştləri təqdim edilir;

-xarici ticarətin iştirakçıları tərəfindən “Yaşıl dəhliz” sistemindən daimi istifadə etmək hüququ alınması üçün xüsusi qaydalar tətbiq olunur, bu hüquqların müvəqqəti dayandırılması, ləğv edilməsi və bərpası imkanları var. Gömrük nəzarəti və gömrük rəsmiləşdirməsi daha sürətlə və daha şəffaf həyata keçirilir, fiziki gömrük yoxlamaları minimuma endirilib;

-xırda iddialar və xırda iddialar üçün meyarlar barəsində sadələşdirilmiş prosedurlar qəbul edilib. Məhkəmə tənzimləməsi standartları yaxşılaşdırılıb. “Vasitəçilik haqqında” Qanun qəbul edilib, müvafiq inzibati qaydalar işlənib hazırlanıb. Şikayətlərlə bağlı məhkəmə araşdırmalarının elektron xidmətinin tətbiq edilməsi sahəsində qanunvericilik təkmilləşdirilib;

-müflisləşmənin tənzimlənməsinin bərpası üçün kreditorların qruplara bölünməsi, hər qrupda ayrıca səsvermə və müəyyən qrupun bütün üzvlərinə vahid yanaşma tətbiq edilməsi barədə qanun qəbul edilib. Hərracların keçirilməsi vaxtı azaldılıb;

-beynəlxalq standartlara uyğun olaraq dövlət satınalmaları üçün qanunvericilik bazası təkmilləşdirilib (üç milyon dollara qədər dövlət satınalmaları yalnız elektron şəkildə həyata keçirilir). Ən müasir standartlar əsasında dövlət satınalmalarının vahid internet portalı və elektron satınalmalar modeli yaradılıb. Dövlət satınalmalarının həyata keçirilməsi prosedurları sadələşdirilib və tamamilə kompüterləşdirilib. Bundan əlavə, səmərəli idarəetmə sistemi yaradılıb. Dövlət satınalmalarının həyata keçirilməsi proseduru üçün zəruri vaxt 53 gündən 31 günə, tender təklifinin həcmi 5 faizdən 1 faizə endirilib və sair;

-aparılan islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinə müsbət təsir göstərib. Məsələn, Dünya Bankı tərəfindən dərc edilmiş “Doing Business 2020” reytinqində Azərbaycan islahatçı ölkələrin ilk iyirmiliyinə daxil edilib. Bütövlükdə, Azərbaycan “Doing Business 2020” reytinqində 190 ölkə arasında 34-cü yeri tutur. “Biznesin qurulması” indikatoruna görə ölkəmiz 9-cu yerdədir, yəni, 2017-ci ildəki mövqeyini qoruyub saxlayır. “Kredit alınması” göstəricisi üzrə Azərbaycan xeyli irəliləyib, 2017-ci ildə 22-ci yerdən 2019-cu ildə beşinci yerə çıxıb. “Tikinti üçün icazə alınması” göstəricisi üzrə 2017-ci ildəki 61-ci yerdən 2019-cu ildə 5-ci yerə çıxıb.[5] “Doing Business 2019” hesabatında Azərbaycan həyata keçirilmiş islahatların sayının ən çox olduğu dövlət hesab edilib. Yeni hesabatda ölkəmizin mövqeyi 2017-ci ildəki ilə müqayisədə 32 bənd yaxşılaşıb. Nəticədə Azərbaycan dünyanın 190 ölkəsi arasında 25-ci yeri tutur.

Dünya İqtisadi Forumu tərəfindən 2019-cu il üçün dərc edilmiş qlobal rəqabətqabiliyyətlilik indeksinə görə, Azərbaycan 11 bənd irəliləyərək 62,7 bal ilə 141 ölkə arasında 58-ci yeri tutur.[6] O, MDB-nin digər ölkələrini 12 göstəricidən 8-nə görə qabaqlayıb və Rusiya Federasiyası və Qazaxıstandan sonra liderlərin ilk üçlüyünə daxil olub. Ən yüksək tərəqqi əmtəə bazarları (+27), makroiqtisadi sabitlik (+23) və əməyin ixtisaslılığı (+17) göstəriciləri üzrə müşahidə olunub. Ərzaq bazarı daha yüksək qiymətləndirilib – 10-cu yer. Bu göstərici daxili rəqabəti, ticarətin açıqlığını, gömrük rəsmiləşdirməsinin sürətini və sair meyarları əhatə edir. Borcların ödənilməsi (+47), büdcənin şəffaflığı (+45), kreditlərdə fərq (+40), əməkdaşlar üçün xərclərin kompensasiyası (+39) və audit və hesabat standartlarının möhkəmliyi (+33) dinamikasında daha böyük tərəqqi müşahidə olunur.

Azərbaycanın beynəlxalq mövqelərinin yaxşılaşması dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsində mühüm rol oynayır. İslahatların həyata keçirilməsi sosial-iqtisadi infrastrukturun tam modernləşdirilməsinə və biznes mühitin yaxşılaşdırılmasına şərait yaradır. Onlar ölkə iqtisadiyyatına daha çox investisiya cəlb etməyə, iqtisadiyyatın strukturunu yaxşılaşdırmağa, yeni iş yerləri yaratmağa, əməyin peşəkarlığını və məhsuldarlığını artırmağa imkan verir. Bunlar Azərbaycanda həyatın bütün sahələrinin modernləşməsi prosesinin sürətləndirilməsi üçün ciddi amillərdir.

Prezident tərəfindən 2019-cu ildə təqdim olunmuş, əhalinin rifahı sahəsində inqilabi dəyişiklikləri təmin edən sosial islahatlar paketi 4,6 milyon nəfəri əhatə edib. Sosial paketin etibarlılığı onun maliyyə təminatı ilə səciyyələnir. Bu məqsədlə 2019-cu ilin dövlət büdcəsindən 2 milyard 79 milyon manat vəsait ayrılıb, 2020-ci ildə isə 2 milyard 791 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edilən sosial paket çərçivəsində ölkədə minimum aylıq əməkhaqqı 93 faiz artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Əməkhaqqının artırılması ölkədə orta aylıq əməkhaqqına təsir göstərəcək, onu 15 faiz artıraraq bu ilin sonunda 625 manata çatdırmağa imkan verəcək. Bununla bərabər, Prezident sosial paket çərçivəsində pensiyaların və sosial müavinətlərin məbləğini ikiqat artırıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin yeni aylıq təqaüdləri təsis edilib: I qrup əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud olan 18 yaşa qədər uşaqlara qulluq edənlər üçün 50 manat, müharibə veteranlarına 80 manat. Minimum pensiyanın məbləği 2019-cu il martın 1-dən 160 manata, oktyabrın 1-dən 200 manata çatdırılıb. Bu, o deməkdir ki, ölkədə minimum pensiyanın məbləği 72 faiz artırılıb. Prezident məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin həcmini 50 faiz, tələbələrin təqaüdlərini 20 faiz artırıb.

Prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən bu sahədə yaranmış problemlərin kompleks həlli ilə yanaşı, yeni, dünya miqyasında nadir mexanizm – xarici valyutada vaxtı keçmiş kredit borclarının ödənilməsi sahəsində dövlət dəstəyi mexanizmi yaradılıb. Bu Fərmanın icrası nəticəsində fiziki şəxslərin banklara xarici valyutada 10 000 ABŞ dollarına qədər əsas kredit borclarının manatın devalvasiyası ilə əlaqədar artmış məbləği hesablanaraq ödənilib. Nəticədə 710,3 min kredit sazişi üzrə 629 milyon manat kompensasiya ödənilib.

Azərbaycan Prezidenti İlham Əliyevin qurucu fəaliyyətini qeyd edərək, bir faktı xüsusi vurğulamaq istəyirəm ki, hələ 2003-2008-ci illərdə, yəni, özünün birinci prezidentlik müddətində o illərin çağırışlarını nəzərə alaraq fəal hücumçu tədbirlər kursunu seçmişdi. İlham Əliyev özünün bütün fəaliyyəti ilə sübut edib ki, ölkənin daxili problemlərini ciddi və güzəştsiz həll etmək, Azərbaycanın xarici siyasətini həyata keçirərkən milli mənafeləri müdafiə etmək əzmindədir. Artıq həmin prezidentlik dövründə aydın oldu ki, İlham Əliyev bu və ya digər problemin həllinə öz prinsipi, öz yanaşması, öz baxışı olan müstəqil şəxsiyyətdir. Onun xarakteri ümummilli lider Heydər Əliyevin şöhrətindən bəhrələnməyə imkan vermirdi, buna görə o, siyasi varis kimi ona qalmış irsi daha da inkişaf etdirməyə çalışırdı.

Rusiyalı məşhur politoloq, Azərbaycan üzrə mütəxəssis Oleq Sıqanovun fikri ilə tam razıyam. O yazır: “Tamamilə aşkardır ki, bu gün Azərbaycan siyasətində potensial baxımdan effektivliyə görə İlham Əliyev şəxsiyyəti ilə uzaqdan-uzağa da olsa bərabər tutula biləcək başqa bir şəxsiyyət yoxdur. Məsələ alternativin olmamasında deyil, sadəcə, Azərbaycanın və onun xalqının mənafelərinə İlham Əliyevdən daha artıq dərəcədə uyğun gələ biləcək şəxs yoxdur”.[7]

Bu fikir 2008-ci ildə söylənilmiş olsa da, 2019-cu ildə də öz aktuallığını itirməyib.

Bütün prezident seçkilərində (2003, 2008, 2013, 2018) İlham Əliyevin namizədliyi alternativsiz görünürdü, hərçənd başqa partiyalardan olan namizədlər vardı. Bunun bir neçə səbəbi var. Məsələn, 1988-ci ilin ortalarından 1993-cü ilin ortalarına qədər mövcud olmuş siyasi avantüradan təngə gəlmiş ölkə vətəndaşları Əbdürəhman Vəzirovu, Ayaz Mütəllibovu və Əbülfəz Əliyevi (Elçibəy) siyasi həyatdan uzaqlaşdıraraq dövlət idarəçiliyi sükanını böyük siyasi xadim və təcrübəli idarəçi Heydər Əliyevə etibar etdilər. On il sonra isə dövlət başçısı vəzifəsində fəaliyyətə başlamış İlham Əliyev Azərbaycan vətəndaşlarının nəzərində Heydər Əliyev siyasi kursunun sədaqətli davamçısıdır. Ölkənin neft və qaz hesabına əldə etdiyi milyardlarla gəlir, həmçinin son 16 ildə uğurlu daxili və xarici siyasət İlham Əliyevin hakimiyyətini möhkəmləndirib. O, haqlı olaraq ölkə Prezidenti vəzifəsində öz fəaliyyətinin nəticələri ilə fəxr edə bilər.

Prezident İlham Əliyevin dövlət idarəçiliyinin əsasını təşkil edən konkret prinsiplərin hər biri ölkənin inkişafının müəyyən sahəsini təmsil edir. Dövlətin strateji məsələlərin həlli üzrə praktiki siyasəti bu prinsiplər əsasında qurulur. Kitabın sonrakı fəsilləri bu prinsiplərə həsr ediləcək. Burada isə onlardan bir neçəsinin adını çəkəcəyəm.

Belə ki, ən mühüm prinsip ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsidir. Sabitlik olmadan müstəqil dövlət qurmaq və ölkənin ümdə problemlərini həll etmək mümkün deyil. Yalnız bu məsələni həll edəndən sonra sosial-iqtisadi məsələlərin həllinə, ölkənin ərazi bütövlüyünün bərpasına, demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə, tarazlaşdırılmış xarici siyasət həyata keçirilməsinə başlamaq olar.

İctimai-siyasi sabitliyin bərqərar olması nəticəsində ölkə iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırdı və onun liberal bazar iqtisadiyyatına keçidi təmin edildi. Nail olduğu yüksək iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan “Doing Business”in hesablamalarına əsasən dünya ölkələri arasında “ən islahatçı dövlətdir”.[8]

Rusiyalı müəllif Aleksandr Karavayevin fikrincə, İlham Əliyev dövlətin davamlılığının təcəssümüdür. Vətəndaşlardan soruşanda ki, ölkənin durmadan inkişaf etməsinin rəhni nədir, onların cavabı belə olur: bunun rəhni Prezident İlham Əliyevdir. Prezidentə bu cür münasibət sistemi birdən-birə yaranmayıb. İlham Əliyev bu etimad kapitalını uzunmüddətli gərgin səylər və böyük zəhmət sayəsində qazanıb.

Ümumiyyətlə, etiraf etmək lazımdır ki, İlham Əliyev nadir şəxsiyyətdir. Onun simasında həm islahatçı, həm sabitlik, həm də daxili siyasi tarazlığın saxlanması amili cəmləşib.[9]

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalaraq, iqtisadi, sosial və ekoloji amillər nəzərə alınmaqla, kompleks islahatlar keçirməklə Azərbaycanın davamlı inkişafını uğurla təmin edir.

Prezident dövlət idarəçiliyi sistemində də islahatlar aparır: dövlət orqanlarının strukturu təkmilləşdirilir, bu orqanların, həmçinin dövlət qulluqçularının sayı nəzərəçarpacaq dərəcədə azaldılıb, kadrların tərkibi Qərbdə və Cənubi Asiya ölkələrində ən yaxşı ali məktəblərdə təhsil almış gənc mütəxəssislər hesabına yenilənir. Yeni idarəçilər elitası formalaşır.

Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda “common brain” (hərfi tərcüməsi “ümumi beyin”, “ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq. Həmin komandaya yenə də birləşdirici siyasi lider İlham Əliyev başçılıq edəcək, o, idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək.

Heç də təəccüblü deyil ki, “informasiya cəmiyyəti”nin yaradıldığı əsrdə ölkənin idarə edilməsi müəyyən mənada “kompüter şəbəkəsində inzibatçılığı” xatırladacaq. Azərbaycanda artıq fəaliyyətə başlamış “elektron hökumət” dövlət məsələlərini səmərəli və operativ həll etməyə imkan verir.

Beləliklə, Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq. Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşdırılmış uzunmüddətli dinamizmi xatırladacaq. Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta bu sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa (əgər həmin şəxs radikallıq, destruktivlik kimi sistemsiz keyfiyyətlərə malikdirsə), o, dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilər. Bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir.

XXI əsrdə həm bəşəriyyətin, həm də konkret dövlətin qarşısında duran keyfiyyətcə yeni məsələləri keyfiyyətcə yeni siyasi elita həll etməlidir. Bu, peşəkar həmfikirlər komandasıdır. Onun hər bir üzvü dövlət idarəçiliyinin konkret istiqaməti üzrə mütəxəssisdir. Geniş təhsilli, yüksək intellektual keyfiyyətlər, müəyyən idarəçilik təcrübəsi, işgüzar ünsiyyət vərdişləri, iyerarxik sistemə uyğunlaşmaq bacarığı – bütün bu və digər keyfiyyətlərin məcmusu komandanın hər bir üzvünə xas olmalıdır. Prezidentin komandasına müvafiq dünyabaxışına və mənəvi keyfiyyətlərə malik olan, İlham Əliyevi sözdə deyil, əməli işdə dəstəkləyən müasir təfəkkürlü və istedadlı təşkilatçılar gəlməlidirlər. Ən başlıcası, onlar əsl dövlətçilər olmalı, xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutmalıdırlar.

 Siyasi ədəbiyyatdan elita nümunələri məlumdur: “Çikaqolu oğlanlar”, “Harvard komandası”, öz ideyalarını müxtəlif ölkələrin dövlət siyasəti formasında reallaşdıran həmfikirlərin digər kreativ qrupları.

Ekspertlərin fikrincə, Prezident İlham Əliyev dövlət idarəçiliyi prinsiplərinin dürüst sistemini qurub. Bu sistem XXI əsrdə qloballaşma proseslərinin fəallaşması və daim artan informasiya axını şəraitində milli mənafelərə uyğundur.

Bu prinsiplər sistemi ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmiş ölkənin inkişaf strategiyasına tam uyğun gəlir. Çox sevindirici haldır ki, milli lider və dövlət başçısı İlham Əliyevə operativ qərarlar qəbul etmək, çoxvariantlı idarəçilik və böhranlı vəziyyətlərin kollektiv nizamlanması modellərini tətbiq etmək, beynəlxalq əlaqələrin həyata keçirilməsində çoxpilləli manevrlərdən istifadə etmək, xaricdən informasiya təsirinin artmasını nəzərə almaq, idarəetmə prosesinin qapalı seqmentlərinin məxfiliyini təmin etmək kimi keyfiyyətlər xasdır.

Müasir şəraitdə xalq kütlələri qarşısına çıxmaq, mitinqlərdə çıxış etmək, KİV-lərə müsahibə vermək kimi işləri, bir qayda olaraq təkcə liderlər özləri deyil, həm də onların imicmeykerləri, idarəçiləri, siyasi texnoloqları, politoloqlar, dövlət strukturlarının məsul işçiləri həyata keçirir və bütün bunlar aparılan işin tərkib hissəsi kimi reallaşır. Burada 1992-1993-cü illərdə ölkə ictimaiyyətini və onun hüdudlarından kənarda çoxlarını qıcıqlandırmağı öyrənmiş Azərbaycan müxalifətinin yürütdüyü populist qarşıdurma siyasətinə yer yoxdur, buna görə də mitinq burulğanına və yaxın keçmişin digər dağıdıcı hadisələrinə də yer yoxdur.

Azərbaycanda indiki siyasi və sosial-iqtisadi vəziyyətin təhlili göstərir ki, bu gün ölkədə praqmatik intellektuallardan ibarət komanda formalaşdırmağa qabil olan şəxsiyyət 2003-cü ilin oktyabrından hakimiyyətdədir. Azərbaycan xalqı onunla fəxr edə bilər. Bu, ölkədə daxili, ictimai, siyasi, iqtisadi və mədəni şəraiti çox gözəl başa düşən, energetika kimi mühüm sahədə zəngin təcrübə toplamış, qətiyyətli diplomatik vərdişlərə malik olan İlham Əliyevdir. Milli Olimpiya Komitəsinin prezidenti kimi İlham Əliyev özünü respublikada idman hərəkatının böyük təşkilatçısı kimi göstərib. O, bilavasitə Prezident Heydər Əliyevin rəhbərliyi ilə çox gözəl dövlət idarəçiliyi məktəbi keçib. Onun rəhbərliyi ilə ölkədə qazanılmış siyasi və sosial-iqtisadi nailiyyətlər, milli ideyaya sədaqət, təşkilatçılıq qabiliyyəti buna dəlalət edir ki, İlham Əliyev yeni minillikdə Azərbaycan xalqının ümummilli lideridir.

Bununla bərabər, İlham Əliyevin bütün dövləti fəaliyyəti onun dünyada həm müasir dövrün böyük siyasi xadimi, həm də görkəmli islahatçı kimi çıxış etməsinə əsas verir.

Beynəlxalq arenada tanınmış belçikalı siyasətçi An-Mori Lizii hələ 2010-cu ildə AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində demişdi: “Beynəlxalq arenada artıq islahatçı Prezident kimi tanınmış İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan modernləşib və inkişaf etmiş ölkəyə çevrilib.

Prezident İlham Əliyev təcrübəli dövlət başçısı və uzaqgörən siyasi xadim keyfiyyətlərini ümummilli lider Heydər Əliyevdən əxz edib. Heydər Əliyev SSRİ dağılandan sonra ağır vəziyyətdə olan Azərbaycanı inkişaf yoluna çıxartdı. Prezident İlham Əliyev bu gün öz ölkəsinin perspektivləri və işıqlı gələcəyi barədə düşünən dövlət başçısıdır. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin siyasətini davam etdirərək Rusiya və Avropa ölkələri ilə yaxşı münasibətlər yarada bilib. Bu, inkişaf etməkdə olan Azərbaycan üçün çox mühüm məsələdir”.[10]

Radikal müxalifət tərəfindən İlham Əliyevə hücumlar zamanı istifadə edilən tezislərdən biri belədir: “Prezidentin oğlu ümummilli miqyaslı lider ola bilməz, çünki o, gərgin siyasi mübarizədə, mitinqlər burulğanında, müxalifət ilə iqtidarın qarşıdurmasında sınaqlardan keçməyib”. Həmişəki kimi, radikal müxalifət ictimaiyyəti çaşdırmağa çalışır.

İlham Əliyevin belə adlandırılan “inqilabi keçmişi”nin olmaması həm daxili ictimai rəydə, həm də xarici siyasətdə onun xeyrinədir. Radikal müxalifət başa düşə bilmir ki, bu gün İlham Əliyevin “XXI əsrdə tələb edilən yeni tipli lider” kimi tanınmasında məhz bu amil əsas şərtdir.

Hərçənd, qeyd etmək lazımdır ki, radikal müxalifətin nümayəndələri zamanın onların xeyrinə işləmədiyini çox yaxşı başa düşürlər. Həqiqətən, “radikallar”, “inqilabçılar”, “dağıdıcılar” yeni siyasi meyillər tərəfindən tarixin küncünə sıxışdırılır, onlar üçün fəaliyyət meydanı isə günbəgün daralır. Bu, təkzibedilməz faktdır. Azərbaycanın timsalında görünür ki, ən iddialı nümayəndələr, həmçinin öz təşkilatlarının çoxdan keçmişdə ilişib qaldığını başa düşənlər belə adlandırılan “milli radikallar” sıralarını tərk edirlər.

Amma hər halda özlərinin xaricdəki ağalarından pay alanlardan soruşmaq lazımdır ki, indiki Azərbaycanı İlham Əliyevdən yaxşı kim idarə edə bilər, kim öz xalqını dünya sivilizasiyasına qovuşdura bilər, öz xalqının maddi və mənəvi tələbatını daha yaxşı təmin edə və bu əsasda sabit dövlət yarada bilər. Bu halda legitim hakimiyyətlə “inqilabi savaşlarda” müxalifət sıralarında iştirak etməmiş V.Putinin və C.Buşun (oğul) nümunəsini nəzərə almaq lazımdır. Əslində, dünyada müdrik siyasi liderlər, fəaliyyəti XXI əsr cəmiyyətinin yaradılmasına yönəldilmiş şəxslərin axtarışı meyillərini Azərbaycan müxalifəti özü də yaxşı görür.

Görkəmli mütəfəkkir və filosof F.Hegel (1770-1831) yazırdı ki, böyük insanlar praktiki siyasi xadimlər olublar. Onlar, eyni zamanda, işin mahiyyətini, nə etmək və nə vaxt etmək lazım olduğunu başqalarından yaxşı anlayan, düşünən insanlar olublar.[11]

Prezident İlham Əliyev dövlət siyasətini ölkənin insan resurslarını, ictimai və sosial-iqtisadi resurslarını əsas götürərək qurur. Dövlət idarəçiliyi mexanizmlərinin təkmilləşdirilməsi ölkənin inkişafının konkret məsələlərinin həllinə yönəlib. Təbii ki, Prezident bu siyasəti həyata keçirərkən öz komandasına, yəni, onun yüksək etimad bəslədiyi və ölkənin dəyişdirilməsi ideyalarının həyata keçirilməsində ona səriştəli şəkildə kömək edən insanlara güvənir.

2003-cü ildən bəri ölkədə yürüdülən siyasətin mahiyyəti Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursuna zidd deyil, əksinə, Prezident İlham Əliyev dünyada cərəyan edən dəyişikliklər prosesinin intensivliyini nəzərə alaraq, bu kursu təkmilləşdirib, onun reallaşması metodikasına düzəlişlər edib. Heydər Əliyevin yürütdüyü müstəqil dövlət, onun iqtisadi, sosial və mədəni bazasının yaradılması siyasəti Azərbaycan xalqının ümidlərini tamamilə doğrultdu. Bu siyasət Prezident İlham Əliyevin dövlətçilik siyasətinin əsası, onun siyasi kursunun təməli oldu. O, prezidentliyi illərində bu siyasi kursdan kənara çıxmayıb. Əvvəlki dövlət idarəçiliyinin quruculuq xəttinə riayət edən dövlət xadiminin siyasətini dövlətçilik sənəti adlandırırlar. Bu tipli dövlət xadimlərinə o qədər nadir rast gəlinir ki, Otto Bismark (1815-1898) onların siyasətini incəsənət adlandırırdı.

Prezident İlham Əliyevin siyasəti milli maraqların reallaşmasına nail olmaq sənətidir. Onun əsas vəzifələrindən biri də mənəviyyatın bərqərar olmasıdır. Məsələ burasındadır ki, bu gün insanların müəyyən qrupunun fikrincə, təəssüf ki, insanın cəmiyyətdə sosial vəziyyətinin dərəcəsini yalnız maliyyə və maddi tərkib hissələr müəyyənləşdirir. Belə insanlar üçün mənəviyyat kateqoriyası öz sosial dəyərini itirib. Onlar qazanc əldə etmək, varlanmaq həvəsindədirlər. Bu, onların həyatının mənasıdır. Onlar üçün aqressivlik mədəniyyət norması, eqoizm isə ünsiyyət həddidir. Milli mədəniyyət beşiyinə baş vurmaq istəyi onlara yaddır. 

2003-cü ilin oktyabrından başlayaraq bütün bu dövrdə İlham Əliyev xalqın mənəvi inkişafı, dini etiqad azadlığı, multikulturalizm və tolerantlıq ənənələrinin dəstəklənməsi siyasətinə çox böyük diqqət yetirib. Gənclərin sosial, təhsil və mədəni problemlərinin həlli məqsədilə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq edilib, xüsusi Gənclər Fondu yaradılıb. Gənclər siyasəti dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biri, dövlət idarəçiliyinin prinsipidir.

Siyasətçinin rolunun həqiqi miqyası konkret işlərin reallaşmasında üzə çıxır. Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti (2003-cü il oktyabrın əvvəlindən) Azərbaycanın siyasi, iqtisadi və mədəni landşaftını dəyişib. Ölkə həyatının bütün sahələrində Azərbaycan xalqının daha yaxşı yaşamasını təmin etmək üçün stimul yaranıb. Xalq öz liderini tamamilə dəstəkləyir. “Praqmatizm”, “çeviklik”, “açıqlıq”, “müəyyənlik”, xarici siyasətdə “sistemli vektorluluq”, “milli maraqların ardıcıl təbliği”, “yüksək mənəviyyat”, “həssaslıq”, “təvazökarlıq” – bu keyfiyyətlər Prezident İlham Əliyev şəxsiyyətini səciyyələndirən anlayışların az bir qismidir.

O, müasir şəraitdə dövlət başçısı