Fev 14, 2020 | 11:28 /
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin “Müasir fikirlər kontekstində əlaqəli reaksiyalar nəzəriyyəsi” adlı tədqiqat işi “London Journals Press” nəşriyyatı tərəfindən yüksək qiymətləndirilib.
Məqalənin eyni sahədə çalışan tədqiqatçılar və elm adamları üçün əhəmiyyəti nəzərə alınaraq, azərbaycanlı alimə əməkdaşlıq təklif olunub. Akademik T.Nağıyev nəşriyyatın redaksiya heyəti tərəfindən Franklindəki rüblük üzvlüyə qəbul edilib.
Akademikə tədqiqat işini nəşriyyatın “London Journal of Engineering Research” beynəlxalq jurnalında dərc etdirməsi təklif olunub.
Xatırladaq ki, Böyük Britaniyada fəaliyyət göstərən “London Journals Press” dünya üzrə tanınmış nəşriyyat olmaqla yanaşı, tədqiqat standartlarının akkreditasiyası orqanıdır. Nəşriyyat “COPE” və “Research Councils United Kingdom” standartları çərçivəsində fəaliyyət göstərir və kompüter elmləri, mühəndislik, menecment, tibb, ictimai və humanitar elmlər kimi aparıcı sahələr üzrə tədqiqatçılarla əməkdaşlıq əlaqələri qurur.