Azərbaycan Milli Ensiklopediyasının növbəti 9-cu cildi işıq üzü gördü
May 12, 2020 | 04:34 /

Bu günlərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinın yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının növbəti 9-cu cildi işıq üzü görmüşdür. Milli ensiklopediyanın nümunəvi  (tirajı məhdud sayda) və satış (tirajı 10 min nüsxə) üçün nəzərdə tutulan yeni cildi Almaniyanın Kösel GmbH&Co.Kg şirkəti ilə bağlanmış müqavilə əsasında bu ölkədə çap olunmuşdur. “F”  və ”G” hərfləri üzrə materiallların bir hissəsini əhatə edən bu cildin həcmi 75,0 şərti çap vərəqi təşkil edir (600 səhifə). Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 9-cu cildi də yüksək bədii tərtibatla hazırlanmış,   məqalələr, termin və məlumatlar yeri gəldikcə  şəkil, xəritə və sxemlərin müşayiəti ilə verilmişdir.

Azərbaycan Milli Ensiklopediyasının bütün cildlərində olduğu kimi, bu cildində də dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələri ilə yanaşı texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahı verilmişdir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər iştirak etmişlər.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində hazırda milli ensiklopediyanın növbəti 10-cu cildi çapa hazırlanır, paralel olaraq növbəti cildlər üzərində iş gedir.

 

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi