Anım gününə həsr olunmuş tədbir keçirildi
Sen 27, 2021 | 10:00 /

 

Anım gününə həsr olunmuş tədbir keçirildi

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunu tarixi Zəfər gününə aparan Vətən müharibəsinin başlandığı 27 sentyabra həsr olunmuş Anım günü keçirildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xalqa müraciətindən sonra başlayan tədbirdə milli ensiklopediyanın bütün kollektivi iştirak etdi.

Geniş tədbiri giriş sözü ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti Tofiq Nağıyev açdı. Akademik Tofiq Nağıyev bu işğalın tarixi köklərindən, 30 il ərzində müstəqil Azərbaycanın hərtərəfli inkişafına vurduğu zərbələrdən, böyük insan itkilərindən, öz vətənində on illiklərlə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş ölkə vətəndaşlarının problemlərindən, nəhayət, bu ağır adın Zəfər günü ilə tarixə qovuşmasından danışdı. Milli ensiklopediyanın rəhbəri bu böyük qələbənin məhz ulu öndərin siyası kursunu layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, yeritdiyi xarici və daxili siyasət, ordu quruculuğu sahəsində görülən möhtəşəm işlər sayəsində  mümkün olduğunu vurğuladı. Üçtərəfli Bəyanatın əhəmiyyətindən, sülh sazişi imzalanması ilə bağlı danışıqlardan bəhs edən akademik cəmi bir il öncə bizi yenidən Azərbaycan torpaqlarını işğal etməklə hədələyərək özünə  yeni xülyalar quran erməniləri cəmi 44 gün ərzində diz çökdürən Müzəffər Azərbaycan Əsgərlərinin  rəşadətindən, onların Vətənın azadlığı üçün ölümün gözünə dik baxmasından, ordumuzda bir nəfər fərarinin belə olmamasından, igidlərimizin daim irəli getməsindən, şəhid qanı axmış, azad edilmiş o yerlərə bir erməni ayağının dəyməsinə yol vermədiklərindən danışdı.

Həmin 44 tarixi gün ərzində Ali Baş Komandan daim xalqla təmasda oldu, o həyəcanlı günlərdə Azərbaycan xalqı bütün məlumatları məhz ondan – Ali Baş Komandandan aldı. Azad edilən torpaqların, hər yüksəkliyin, hər kəndin, ən kiçik yaşayış məntəqəsinin adını biz birbaşa hərbi geyimli Prezident  İlham Əliyevdən eşitdik. Dövlət başçısı xarici jurnalistlərə verdiyi müsahibələrlə bütün dünya ictimaiyyətinə müqəddəs savaş – İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri  məhz özü çatdırdı və bu müsahibələr ölkə vətəndaşları tərəfindən həyəcanla izlənildi. O  yağışlı, şaxtalı günlərdə böyükdən-kiçiyə qədər hər kəsin səngərlərdə olan, döyüşən əsgərlərimizi düşünərək, narahatlıqla havanın yumşalması üçün dua etməsindən, orduya, döyüşən əsgərə varını əsirgəməyən xalqımızın milli birliyindən – həmin tarixi günlərdə və sonra multikultural dəyərləri yüksək səviyyədə qorunmasından söz açdı.  Bu qələbənin qazanılmasında  mühüm amillərdən biri də məhz dövlət başçısı ilə xalq arasındakı birlik, xalqımız tərəfindən daim hər cür dəstəklənən ordumuzun ruh yüksəkliyində idi. Ölkə rəhbərliyinin erməni işğalında olan Qarabağı və ətraf rayonları qan tökmədən danışıqlarla, sülh yolu ilə həll etməkdən ötrü verdiyi mücadilədən söz açan akademik sonda müharibənin labüd olmasından, bu savaşda Türkiyə-Azərbaycan qardaşlığından, haqq-ədalət savaşında bizi daim dəstəkləyən dövlətlərlə qurulan isti münasibətlərdən, Azərbaycan xalqını Qarabağa, mədəniyyət paytaxtımız Şuşaya qovuşduran şəhid və qazilərimizi yetişdirən Anaların dəyanətindən, döyüş meydanlarında həyatlarını itirmiş 3 minə yaxın şəhidin xatirəsinin ensiklopediyamızda əbədiləşdirilməsi barədə planlarından danışdı. O, milli ensiklopediyada  işğaldan azad edilmiş ərazilərlə bağlı məqalələrin də sıxıla-sıxıla, ürək ağrısı ilə yazdığımız “işğaldan” azad olunduğu, yəni “işğal altındadır” ifadəsindən qurtulduğunu söylədi.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru görünməmiş vandalizmə məruz qalmış Qarabağ torpağının ölkə Prezidentinin rəhbərliyi altında, məhz onun tərəfindən qəbul edilmiş müdrik qərarlar, layihələr sayəsində  yüksək səviyyədə bərpa edilərək öz sakinlərini yenidən qoynuna alacağına bütün xalqımızın əmin olduğunu bildirdi.

Anım günü tədbirində  “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Quliyev (Bəhmənli) çıxış etdi. Azadlığına qovuşan, sürətlə bərpa edilən doğma Şuşamızda keçirilən  Vaqif poeziya günlərinin iştirakçısı olan Vaqif Bəhmənli qısa bir müddətdə müxtəlif beynəlxalq festivallara ev sahibliyi edən Şuşa təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü, yol boyu gördüklərindən həm ürəkağrısı, həm də fərəh hissi ilə söz açdı.

Tədbirdə ensiklopediyanın direktor müavini b.e.doktoru Şaiq İbrahimov, redaksiya müdirləri Elmira Məmmədova, Gülbəniz Qocayeva, Rüstəm Hacıyev, böyük elmi redaktorlar İradə Məmmədova, İltifat Əliyarlı maraqlı çıxışlar etmişlər.

Anım gününə həsr edilmiş tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, akademik Tofiq Nağıyev kollektivin adından  onların ailələrinə səbir və dözüm, qazilərimizə cansaglığı, Azərbaycan xalqına inkişaf, rifah, əbədi Sülh, bunları reallaşdırmaq yolunda dövlətimizə, ölkə rəhbərliyinə uğurlar arzulayaraq tədbirə yekun vurmuşdur.