Əməkdaşlarımız Avropa Ensiklopediyalar Şəbəkəsinin konfransında iştirak etdilər
Noy 02, 2026 | 03:53 /

 

AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşları, “Ümumi tarix, Azərbaycan tarixi və arxeologiya” elmi redaksiyasının müdiri Rauf Məlikov və “Sosial sahələr, fəlsəfə və hüquq” elmi redaksiyasının müdiri Rüstəm Hacıyev Gürcüstanın paytaxtı Tiflis şəhərində 2026-cı il oktyabrın 29–31-də keçirilən Avropa Ensiklopediyalar Şəbəkəsinin konfransında respublikamızı təmsil etmişlər. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin dəstəyi ilə təşkil olunmuş bu konfrans Gürcüstan Ensiklopediyasının 60 illiyinə həsr olunmuşdur. Konfrans Avropanın 15 dövlətindən gəlmiş nümayəndələrin iştirakı ilə baş tutmuşdur.

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze konfransı giriş sözü ilə açmış və iştirakçıları Gürcüstan Ensiklopediyası redaksiyasının 60 illik yubileyi münasibətilə təbrik edərək salamlamışdır. Açılış mərasimində Gürcüstan Ensiklopediyasının baş redaktoru Zurab Abaşidze Gürcüstanda ensiklopediyaçılıq ənənələrindən bəhs etmiş, Avropa Ensiklopediyalar Şəbəkəsinin prezidenti Bruno Kraiç də konfransın açılışında çıxış etmişdir. Çıxışçılar məruzələr təqdim etmiş, öz ölkələrindəki ensiklopediya işi, müasir dövrdə bu işin təşkili və problemləri ilə bağlı məsələlərdən danışmışlar.

 “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşları 3 günlük konfrans çərçivəsində Gürcüstan Ensiklopediyası Baş Elmi Redaksiyası ilə, həmçinin Avropa Ensiklopediyalar Şəbəkəsi ilə əməkdaşlıq məsələlərini müzakirə etmiş, Azərbaycan Milli Ensiklopediyası barədə geniş məlumat vermişlər. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Avropa ölkələrinin, o cümlədən Gürcüstanın müvafiq qurumları ilə təcrübə mübadiləsi barədə müzakirələr aparmışlar. Gürcüstan Ensiklopediyasının baş redaktoruna Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi hədiyyə olunmuşdur. Konfransın ikinci günündə Azərbaycan tərəfdən çıxış edən tarix üzrə f.d., əməkdar mədəniyyət işçisi Rauf Məlikov Azərbaycanda ensiklopediya ənənəsinin tarixindən və bu günündən danışmış, Elmi Mərkəzdə görülən işlər barədə məlumat vermiş, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin bütün həmkarları ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.